A+
A–

Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 19-da “TÜRKSOY”un təşkilatçılığı ilə Serbiya, Bosniya və Herseqovinada, “Sarayevo qışı” adlı beynəlxalq musiqi festivalına start veriləcək. İki gün davam edəcək festival çərçivəsində bir sıra türkdilli dövlətlərin vokal ifaçıları Sareyevo və Belqrad şəhərlərində çıxış edəcəklər. Ölkəmizi festivalda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti Çinarə Şirin təmsil edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində gənc ifaçı K.Sen-Sansın “Samsun və Dalila” operasından Dalilanın ariyasını, J.Bizenin “Karmen” operasından Xabaneranı, eyni zamanda “Sevil” operasından Dilbərin ariyasını və Niyazinin “Arzu” romansını ifa edəcək.
Qeyd edək ki, 2010-cu ildən Opera və Balet Teatrında çalışan Çinarə Şirin repertuarda olan bir sıra tamaşalarda – “Aida” (Aida), “Toska” (Toska), “Karmen” (Karmen), “Payatsı” (Nedda), “Sevil” (Dilbər) və s. aparıcı partiyaları ifa edib.