Braziliya hakimiyyəti Neymarın bəzi aktivlərini dondurub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, San-Paulu şəhərinin Federal məhkəməsi ulduz futbolçunun 45 milyon avro dəyərində olan əmlakına, o cümlədən şəxsi təyyarə və yaxtasına həbs qoyub. Məhkəmə 2015-ci ilin sentyabrında bu qərarı versə də, qarşı tərəf apellyasiya şikayəti təqdim etmişdi. Lakin müraciət mənfi cavablandırılıb. Ötən il aparılan araşdırmalar nəticəsində Neymar, ailəsi və onlarla əlaqəli şirkətlərin 2011-2013-cü illərdə 14 milyon avro həcmində vəsaiti vergi orqanlarının hesabına köçürməməsi aşkarlanmışdı. Həmin vaxt "Santos"da forma geyən "sambaçı" və atası bu ittihamı rədd edirlər. Yanvar ayında onlar 2007-08-ci illərdəki vergi borcuna görə 100 min avro cərimə ödəməli olmuşdular. Braziliya Federal Vergi agentliyinin auditoru Yaqaro Şunq Martinş Neymarın yayındığı vergiləri ödəyəcəyi halda həbsə getməyəcəyini bildirib.
Milli.Az