Bakı. 23 fevral. REPORT.AZ/ Nikaraquada 8 mindən çox məhbus dolmuş türmələrin boşaldılması məqsədi ilə azadlığa buraxılıb.
"Report" xəbər verir ki, bu barədə hökumətə istinadən "Frans Press" məlumat yayıb.
Məlumata görə, 5 ilədək həbs müddəti olan 8 min 149 dustaq azadlığa buraxılıb. Bundan əlavə, 94 əcnəbi cəzasının qalan hissəsini öz vətənində çəkmək üçün ölkədən göndərilib.
Məhbusların 2014-cü ildən indiyə qədər vaxtından tez azad edildiyi bildirilir. Hazırda Nikaraqua türmələrində nə qədər dustağın olduğu açıqlanmır. Bununla belə, ötən il ölkənin penitensiar müəssisələrində 10,5 min dustağın olduğu bildirilir ki, bu da Nikaraqua türmələrinin tutumundan iki dəfə çoxdur.