A–
Belqrad, 24 fevral, AZƏRTAC
Belqradda TÜRKSOY-un təşkilatçılığı ilə “Türk Dünyası Müasir Klassik Musiqisinin Şah əsərləri Konsertləri”nin Balkan turu çərçivəsində “Altaydan Balkana klassik musiqilər” adlı konsert keçirilib. Konsertdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan Respublikası və Moldovanın Qaqauz Yeri Muxtar Vilayətini təmsil edən 30 nəfərlik sənətçi qrupunun üzvləri həm öz xalqlarının, həm də digər dünya xalqlarının musiqi əsərlərini ifa ediblər.
Ölkəmizi konsertdə təmsil edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc və istedadlı solisti Çinarə Şirinovanın ifa etdiyi Niyazinin “Arzu” romansı, eləcə də dünya şöhrətli Avropa bəstəkarlarının əsərləri, əslən azərbaycanlı olan tarzən Abdulla Qurbaninin başçılıq etdiyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Musiqi Ansamblının ifasında səslənən musiqi nömrələri Belqradın yerli sakinləri və tədbirin qonaqları, o cümlədən burada akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Belqrada səfərləri çərçivəsində incəsənət xadimləri TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa olunmuş Taşmaydan Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər qoyublar. D.Kaseinov ulu öndər Heydər Əliyevin sadəcə Azərbaycan xalqının deyil bütün Türk dünyasının böyük liderlərindən biri olduğunu bildirib. Türkiyəli aşıq Kul Nuri isə ulu öndər Heydər Əliyevə həsr etdiyi şeri səsləndirib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
AZERTAG.AZ :Belqradda türk dünyasının incəsənət xadimlərinin konserti keçirilib