Sənət adamları Yeni ili harda qarşılayacaq? - SORĞU

Sənət adamları Yeni ili harda qarşılayacaq? - SORĞU
22:47 31 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Yeni ilin gəlişinə sayılı vaxt qalır. Bu bayramı hər kəs özünəməxsus tərzdə qarşılayır. Kimisi evində ailəsi ilə birgə, kimisi xarici ölkələrdə, kimisi isə restoranlarda qeyd edir.

Bəs Azərbaycanın tanınmış sənət adamları 2015-ci ilin Yeni il gecəsini harada qarşılayacaqlar?

Milli.Az xəbər verir ki, aznews.az bu suala cavab tapmaq üçün kiçik sorğu keçirib.

Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov həmişə olduğu kimi yeni ili öz evində qarşılayacağını deyib: “Öz evimdə, Azərbaycanda olacam. Biz bütün bayramlarda öz evimizdə, ailə ilə bir yerdə olmuşuq. Bu dəfə də elə olacaq”.

Xalq artisti Gülyaz Məmmədova Yeni il bayram gecəsi Şəki şəhərinə gedə biləcəyini vurğulayıb: “Biz bütün bayramlarda öz evimizdə olmuşuq. Bu il isə ola bilsin ki, Yeni il şənliyini Şəkidə keçirək. Əgər hava yaxşı olsa. Şəkiyə gedəcəyik. Yox, soyuq olsa, Bakıda ailəmiz ilə bir yerdə olacağıq”.

Əməkdar artist Aybəniz Haşımova da Yeni il bayram günündə doğmalarının yanında olduğunu bildirib: “Harada olacam? Əlbəttə ki, öz evimdə ailəmin yanında olacam”.
Xalq artisti, muğam ifaçısı Ağaxan Abdullayev xəstə olduğundan Yeni ili harada qarşılayacağına qərar verə bilməyib: “Xəstəyəm, müalicə olunuram. Bir balaca xəstələnmişəm. Odur ki, bilmirəm 31 dekabrda harada olacam. Amma çalışacam ki, bayram axşamını evimdə keçirəm”.

Opera və Balet Teatrının solisti Fidan Hacıyeva da bayram günündə ailəsi ilə bir yerdə Azərbaycanda olacağını deyib: “Evimdə ailəmlə, uşaqlarım və həyat yoldaşımla birlikdə olacam”.

Əməkdar artist Cavanşir Məmmədov da bayram süfrəsi üçün öz evini seçib: “Yeni ili evimdə qarşılayacam. Bu, həmişə belə olub və olacaq da. Ailəmlə, nəvəmlə birlikdə olacam”.

Əməkdar artist Baloğlan Əşrəfov 2015-ci ili öz evində qeyd edəcək: “Bakıda olacam, ailəmi başıma yığacam və Yeni ili qeyd edəcəyik. Həmin gün mənim oğlumun ad günüdür. Biz həmişə 31-i gecəsi evdə oluruq. Şadlıq evində keçirilən gecələr, bayram şənlikləri mənlik deyil. Evimin yerini heç bir məkan verə bilməz”.

Müğənni Xatırə İslam Yeni il bayram şənliyini harada keçirəcəyinə qərar verə bilməyib: “Hələ bilmirəm. Bu barədə qərar verməmişəm. Hələ düşünürəm. İndidən demək çətindir. Yəni, o vaxta kimi qərarımı dəyişə də bilərəm. Onu Allah bilir ki, mən Yeni ili harada keçirəcəm”.

Müğəni Könül Kərimova Yeni ili evində keçirəcək: “Mən ümumiyyətlə, bayramı evimdə, ailəmlə bir yerdə keçirməyi xoslayıram. Bu il oğlum əsgərdir. İlk öncə əsgərlərlə birlikdə olacam. Onların bayram şənliyində oxuyacam. Yeni ili isə evimdə qeyd edəcəm”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR