İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr şöbəsi İntizar İsmayılın İTV-dən işdən çıxarıldığı və bunun AzTV rəhbərliyinin qərarı ilə olmasına dair məlumatlara münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, televiziyanın yaydığı açıqlamada deyilir:

"İntizar Dinlərlə (İsmayıl) bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından onun müqaviləsinə xitam verilib.

Həmçinin nəzərinizə çatdırırıq ki, İTV-nin rəhbərliyi qərarları kənardan heç bir müdaxilə olmadan, müstəqil şəkildə qəbul edir və verilmiş qərarların AzTV rəhbərliyinə heç bir aidiyyatı yoxdur".

Xatırladaq ki, İntizar İsmayıl tanınmış şair, AzTV-nin eks-rəhbəri Məmməd İsmayılın qızıdır. O, İTV-də böyük redaktor vəzifəsində çalışırdı. 1992-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin sədri vəzifəsində çalışmış Məmməd İsmayıl AzTV sədri Arif Alışanovu nəzərdə tutaraq bildirmişdi ki, mühasibdən televiziya rəhbəri olmaz.