A–
Bakı, 2 mart, AZƏRTAC
ABŞ-ın 12 ştatında və Amerika Samoasında baş tutan “Super çərşənbə axşamının” rəsmi hesablanması sona çatmasa da, ilkin nəticələrə görə, seçkiqabağı yarışın favoritləri artıq bəllidir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, demokratların düşərgəsində keçmiş dövlət katibi və sabiq birinci xanım Hillari Klinton 7 ştatda, o cümlədən Virciniya, Corciya və Texasda, həmçinin Amerika Samoasında ilkin seçkilərin qalibi olub. Onun rəqibi – Vermontdan olan senator Berni Sanders isə 4 ştatda – Oklohoma, Kolorado, Minnesota və doğma ştatında üstünlük qazanıb.
Lakin qarşıdakı partiya qurultayında ştatların çəkisi eyni deyil. Belə ki, CNN telekanalının hesablamasına görə, Klinton “Super çərşənbə axşamı” ərzində partiya nümayəndələrinin 314, Sanders isə 210 səsini toplayıb. Əvvəlki qələbələr də nəzərə alınarsa, arada daha kəskin fərq yaranır – 873 və 296.
Əgər Demokrat Partiyasında mübarizə iki namizəd arasında gedibsə, Respublika Partiyasında intriqa sonadək davam edib. Hazırda əldə olan nəticəyə əsasən, Donald Tramp öz mövqeyini nəzərə çarpacaq dərəcədə möhkəmlədib. İndi onun aktivində 7 ştat (Alabama, Arkanzas, Tennessi, Virciniya, Massaçusets, Corciya, Vermont) var. Trampın rəqibi Ted Kruz isə 2 ştatda, o cümlədən senatda təmsil etdiyi Texasda qələbə qazanmağa müvəffəq olub. Floridadan olan senator Marko Rubio Minnesotada gözlənilmədən qələbə qazanıb. Kokusda yalnız respublikaçıların iştirak etdiyi Alyaskada isə səsvermənin nəticələri hələ ki, hesablanmayıb.
İlkin olaraq Donald Tramp partiya nümayəndələrinin 169 səsini qazanaraq səslərin ümumi sayını 251-yə yüksəldib. Ted Kruz 114 səs, Marko Rubio isə 53 səs toplayıb.
Noyabrda keçiriləcək prezident seçkilərində partiyanın rəsmi təmsilçisi olmaq üçün demokrat namizəd partiya nümayəndələrinin 2383, respublikaçı namizəd isə 1237 səsini qazanmalıdır. Hələlik Klinton və Tramp xallar toplasa da, seçkiqabağı mübarizə sona çatmayıb. Praymerizlər iyun ayınadək davam edəcək. Belə ki, “super çərşənbə axşamından” sonra heç bir autsayder öz namizədliyini geri götürməyib.
AZERTAG.AZ :ABŞ-da “super çərşənbə axşamı”: Tramp və Klintonun gözlənilən qələbəsi