A+
A–

Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundzadə adına Milli Kitabxananın “Azərbaycan musiqi irsinin dünyada təbliği” layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Milli Kitabxanada həyata keçirilən tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov layihəsi barədə məlumat verib. Diqqətə çatdırıb ki, layihə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ötən ilin dekabr ayında Milli Kitabxanada keçirdiyi musiqi xadimləri ilə görüşü zamanı irəli sürdüyü təklif və verdiyi tapşırıq əsasında reallaşdırılıb. Direktor Beynəlxalq Musiqi Kitabxanası Layihəsi - Petruççi Musiqi Kitabxanası (IMSLP) haqqında danışıb, layihənin həyata keçməsində dəstək olmuş Müəllif Hüquqları Agentliyinə təşəkkürünü bildirib.
Eyni zamanda Milli Kitabxananın saytında yaradılan “Musiqi kitabxanası” haqqında məlumat verən K.Tahirov Azərbaycan musiqisinə dair çap olunmuş və kitabxananın fondlarında mühafizə olunan nəşrlərin elektron versiyasından ibarət tam mətnlərin yerləşdirildiyini, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunun icazə verdiyi və ya müəlliflərin özləri tərəfindən rəsmi icazə verilən əsərlərin hamı üçün açıq olduğu, qalan ədəbiyyatdan isə yalnız kitabxananın lokal şəbəkəsində istifadə etmək mümkün olduğunu bildirib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev öz çıxışında layihənin məqsədinin Azərbaycan musiqisinin dünya miqyasında və respublikada geniş təbliğinə nail olmaq, xalqımızın musiqi irsinin, bəstəkarlarımızın əsərlərinin, xalq musiqimizin, folklorumuzun dünyada ən çox tanınan və populyar olan beynəlxalq musiqi saytlarında və portallarında, habelə Milli Kitabxananın saytında yerləşdirilməsi olduğunu söyləyib.
Bu gün haqqında danışılan layihənin son dərəcə vacib və aktual olduğunu söyləyən Ə.Vəliyev bildirib ki, bu çox böyük bir tarixi missiyadır. Ardıcıl olaraq musiqimizin və musiqi janrının bütün yenilikləri, musiqi sənətşünaslarının uğurları, Azərbaycan musiqisinin dünya çapında təbliği ilə bağlı təqdim olunan hər bir material, yazı, bəstəkar işi burada öz əksini tapacaq. Diqqətə çatdırıb ki, həlli son dərəcə vacib olan və hər kəsin vətəndaşlıq borcu hesab edilən məqamlar da var. Dünyasını dəyişmiş görkəmli bəstəkarlarımızla bağlı olan evlərdə, hansısa bir xatirə guşələrində, ayrı-ayrı şəxslərdə, o cümlədən musiqi məktəblərində olan ən xırda not materialının belə son dərəcə böyük dəyəri olduğunu söyləyən Ə.Vəliyev bildirib ki, bütün bunların qorunması və təbliği üçün kitabxanaya təhvil verilməsi məqsədəuyğundur.
Nazir müavini qeyd edib ki, son illərdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması, milli dəyər kimi qəbul olunması istiqamətində böyük işlər görüb.
Xalq mahnılarımızın, Azərbaycanın böyük bəstəkarlarının əsərlərinin ermənilər tərəfindən mənimsənilərək beynəlxalq arenalarda təqdim olunmasına diqqət çəkən nazir müavini uzun illərdir bu istiqamətdə Müəllif Hüquqları Agentliyinin beynəlxalq səviyyədə mübarizə apardığını vurğulayıb.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və digər çıxış edənlər layihənin Azərbaycan tarixində böyük uğur kimi qiymətləndiriblər, fikir və təkliflərini söyləyiblər.
Sonra Beynəlxalq Musiqi Kitabxanası Layihəsi - Petruççi Musiqi Kitabxanası (imslp.org) və Milli Kitabxananın saytında yaradılan “Musiqi kitabxanası” təqdim olunub.
Qeyd edilib ki, “Azərbaycan musiqisinin dünyada təbliği” bölməsində 30 bəstəkarın 150-dək əsərinin notları, habelə 25 Azərbaycan xalq mahnısı, korifey ifaçılarımımız - Bülbül, Rəşid Behbudov, Xan Şuşinski, Habil Əliyev, Ağaxan Abdullayev, Lütfiyar İmanov və b. ifasında mp3 formatda yerləşdirilib. Balaban, kamança və digər milli musiqi alətlərində solo ifalar, hər bir milli musiqi alətinin rəngli təsvirləri, onların bizim milli musiqi aləti olması barədə annotasiya və haqqında qısa məlumatlar, ulu öndər Heydər Əliyevə həsr olunmuş “Bahar oğlu”, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilimiş “Humayun” və dünya şöhrətli bəstəkarlarımıza həsr olunmuş musiqi əsərlərinin mp3 formatda canlı ifada səsli təqdim olunub.
Sonda tədbir iştirakçıları kitabxananın fondlarında mühafizə olunan Heydər Əliyev Fondunun musiqi nəşrləri, musiqi ədəbiyyatı, not, disk və səsyazmalardan ibarət sərgi ilə tanış olublar.
AZERTAG.AZ :“Azərbaycan musiqi irsinin dünyada təbliği” layihəsinin təqdimatı olub
“Azərbaycan musiqi irsinin dünyada təbliği” layihəsinin təqdimatı olub