Ötən əsrin 50-ci illərində bəşəriyyət "Soyuq müharibə" dövrünə qədəm qoydu. Bu müharibədə qarşı duran tərəflər - SSRİ və ABŞ bir-birinə qarşı apardıqları gizli müharibələrə hətta okeanların ən ağıllı varlığı hesab edilən delfinləri belə cəlb etmişdilər. Həmin dövrdə ABŞ-da delfinlərdən ibarət xüsusi təxribat qrupu təşkil edilmişdi. Yeri gəlmişkən, onu da deyək ki, hələ 19-cu əsrin əvvəllərində məşhur sərkərdə Napoleon La-Manş boğazını keçərək İngiltərəyə hücum etmək üçün delfinlərdən istifadə edilməsi imkanlarının öyrənilməsi barədə göstəriş vermişdi. Birinci Dünya müharibəsinin ən qızğın dövrlərində məşhur amerikalı fizik Robert Vud alman sualtı qayıqlarının aşkar edilməsi üçün delfinlərin xidmətindən istifadə edilməsi üçün elmi araşdırmaların aparılmasını təklif etdi. Lakin o vaxt fizikin bu ağlabatan təklifləri ilə ciddi şəkildə maraqlanan olmadı. Yalnız ötən əsrin 30-cu illərində ABŞ-da müharibə zamanı delfinlərdən təxribatçı qrupları kim istifadə edilməsini nəzərdə tutan elmi araşdırmalar mərkəzi quruldu.

Vyetnam müharibəsi - delfin döyüşü

Delfinlərdən okeanlarda düşmənin sualtı gəmilərinin aşkar edilərək məhv edilməsi taktikasından Vyetnam müharibəsində daha geniş şəkildə istifadə edilməyə başlandı. 1964-cü ildə Vyetnamda müharibəyə başlayan ABŞ Hərbi Dəniz Donanması tez-tez naməlum sualtı qayıqların və sualtı təxribat qruplarının hücumuna məruz qalırdı. Bunu görən ABŞ Hərbi Dəniz Donanması Komandanlığı düşmənin sualtı qayıqlarının və sualtı təxribat qruplarının aşkar edilərək məhv edilməsi üçün delfinlərdən istifadə etmək barədə qərar qəbul etdi. Bu məqsədlə Elmi Tədqiqat Mərkəzində xüsusi təlim keçilən ilk 6 delfin təcili şəkildə Vyetnam sahillərinə gətirildi. Delfinlərə Vyetnam sahillərində lövbər salan ABŞ Hərbi Dəniz Donanmasının gəmilərini mühafizə etmək tapşırılmışdı. Onların başına itiuclı iynəsi olan qaz balonları bərkidilmişdi. 360 metr məsafədə delfinlər gəmiləri olduqca böyük dəqiqliklə mühafizə edirdilər. Gəmiyə yaxınlaşan hər hansı sualtı təxribat qruplarına hücum edən delfinlər onları iynələyirdilər. İynə zərbəsi zamanı qaz balonunun klapanı açılır və insanın bədəninə onun daxili üzvlərini şişirdərək partladan xüsusi hava daxil olurdu. Bu da təxribatçının ölümü ilə nəticələnirdi. Delfinlərin yardımı ilə ABŞ Hərbi Dəniz Donanması 12 ay ərzində düşmənin 50 təxribatçısını məhv edə bildi. Bundan əlavə, ABŞ elmi tədqiqat mərkəzlərində dəniz şiri adı verilən suitilərdən xüsusi təxribat qrupu təşkil edilmişdi. Suitilər hətta düşmənin təxribatçı qruplarına münasibətdə belə olduqca mərhəmətli davranan delfinlərlə müqayisədə daha amansız hərəkət edirdilər. Delfinlərdən və suitilərdən istifadə edilməsi nəticəsində Vyetnama məxsus sualtı qayıqlar və təxribat qrupları böyük itkilər verdilər. Nəticədə onlar ABŞ hərbi gəmilərinə qarşı sualtı təxribatları dayandırmağa məcbur oldular.

İlk etirazlar

ABŞ ictimaiyyətinə hərbi məqsədlər üçün delfinlərdən istifadə edilməsi yalnız ötən əsrin 70-ci illərində məlum oldu. 1976-cı ildə Havay adalarında dünya sensasiyalı bir məhkəmənin şahidi oldu. Havay adalarındakı delfinlərin təlimi mərkəzində işləyən Li Vessner və Stiv Sepmen delfinlərdən hərbi məqsədlər üçün istifadə edilməsinə qarşı çıxdılar. Onlar öz etirazlarını təlim mərkəzindəki delfinləri dənizə buraxmaqla nümayiş etdirdilər. ABŞ Hərbi Məhkəməsində dərhal Li Vessner və Stiv Sepmenə qarşı cinayət işi qaldırıldı. Məhkəmə prosesi zamanı məlum oldu ki, Pentaqon (ABŞ Müdafiə Nazirliyi) Havay adalarından əlavə, Florida ştatındakı Ki-Uest limanında delfinlərin daha bir gizli təlim mərkəzinə malikdir. Amerikalı bioloq alim Maykl Qrinvud məhkəmədə bildirdi ki, Ki Uestdəki Elmi-Tədqiqat Mərkəzində delfinlərin başına düşməni zəhərləyən qaz balonu bərkidirlər. Buna paralel olaraq o, delfinlərin bədəninə böyük dağıntı gücünə malik olan partlayıcı maddələrin bərkidildiyini və bu yolla düşmənin sualtı qayıqlarına hücumlar təşkil edildiyini bildirdi. Məhkəmədə delfinlərdən hərbi məqsədlər üçün istifadə edilməsi barədə şok effekti verən daha onlarla məlumatlar üzə çıxdı. Dünya ictimaiyyəti Pentaqondan dərhal delfinlərdən hərbi məqsədlər üçün istifadə edilməsinin dayandırılmasını tələb etdi. Buna baxmayaraq, Pentaqon delfinlərdən və suitilərdən hərbi məqsədlər üçün istifadə edilməsinə son qoyulması barədə beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymamaqda davam edir. Londonda nəşr edilən "Observer" qəzetinin məlumatına görə, Pentaqon düşmənin istənilən sualtı və suüstü hədəfini məhv etməyə qadir delfin-kamikadzelər hazırlayıb. Böyük dağıntı gücünə malik olan torpedalar delfinin bədəninə bərkidilirdi. Onlar düşmən gəmisini aşkar edən kimi ona yaxınlaşaraq "zərbə" endirirdilər. Bu zərbə zamanı torpeda işə düşərək düşmən gəmisini havaya sovururdu. ABŞ-da çıxan "Arqosi" jurnalının yazdığına görə, sonralar Pentaqon bu "təcrübəni" daha da təkmilləşdirdi. Bu dəfə mina delfinin kürəyinə bərkidilirdi. Delfinlərin bəzən ürəyiyumşaqlıq etdiyini və ölümə getmək istəmədiyini görən təlimçilər minalara uzaqdan idarə edilən xüsusi cihaz bərkitmişdilər. Bu cihaz vasitəsilə mina uzaqdan işə salınır və düşmən gəmisi məhv edilirdi.

Delfinlər Fars körfəzində

Sonrakı illərdə ABŞ delfinlərdən dünyanın müxtəlif bölgələrində baş verən müharibələrdə, o cümlədən Nikaraquada və Fars körfəzində istifadə edib. Bununla əlaqədar hələ 1984-cü ildə "Nyu-York-Tayms" qəzetində ABŞ Hərbi Dəniz Donanması komandanlığının gizli direktivi dərc edilmişdi. Direktivdə Nikaraquada (həmin dövrdə Nikaraquada SSRİ-nin yardım etdiyi qüvvələrlə ABŞ tərəfdarı qüvvələr arasında Vətəndaş müharibəsi gedirdi) düşmənin hərbi dəniz obyektlərinə qarşı delfinlərdən istifadə edilməsi barədə göstəriş verilmişdi. Qəzetin yazdığına görə, delfinlərin üstünlüyü ondadır ki, düşmən kim tərəfindən və haradan hücum ediləcəyini bilmir. Ona görə də təxribatın kimlər və hansı dövlət tərəfindən həyata keçirilməsini heç vaxt sübut etmək olmur. Onu da deyək ki, delfinlər Nikaraqua sahillərində lövbər salan düşmənin hərbi və ticarət gəmilərinə böyük zərər vurdular. Qısa müddətdə SSRİ-yə məxsus olan "Luqansk" gəmisi də daxil olmaqla, delfinlər 14 hərbi və mülki gəmini məhv etdilər və ya tamamilə yararsız hala saldılar.Yalnız SSRİ-nin ciddi etirazlarından sonra ABŞ baş verən təxribatlarda günahını boynuna aldı.
Lakin Pentaqon həmin gəmilərin delfinlər vasitəsi ilə məhv edildiyini danaraq onların yüksəksürətli katerlərdən istifadə edilməklə sıradan çıxarıldığını bildirdi. Çünki Pentaqon delfinlərdən hərbi məqsədlər üçün istifadə edildiyini etiraf etsəydi, onda dünyada ABŞ-a qarşı yeni etiraz aksiyaları başlayacaqdı.

Hərbi dəniz bazasını delfinlər mühafizə edirlər

Bəzi məlumatlara görə, ABŞ hazırda özünün hərbi dəniz bazalarını mühafizə etmək üçün xüsusi təlim görmüş delfinlərdən istifadə edir. Buna misal kimi isə, Vaşinqton ştatındakı Banqor hərbi bazası göstərlir. Qeyd edək ki, Banqor hərbi bazasında "Traydent" ballistik raketləri ilə təchiz edilən "Oqayo" sualtı gəmisi, "Stels" bombardmançı təyyarələri və nüvə başlıqlı "MX" ballistik raketləri cəmlənib. Bu hərbi bazanın təhlükəsizliyinin təmini də delfinlərə tapşırılıb. Delfinlərin burun hissəsinə avtomatik olaraq işə düşən mini-pistolet bərkidilib. Təxribatçı mühafizə altında olan akvatoriyaya daxil olan kimi delfin ona hücum edərək, burnunun ucu ilə ona zərbə vurur. Bu zərbə zamanı mini-pistolet avtomatik olaraq işə düşür və açılan atəş dərhal təxribatçını məhv edir. Delfinlərdən 1987-1988-ci illərdə Fars körfəzində baş verən İran-İraq müharibəsi zamanı ABŞ hərbi gəmilərini qorumaq üçün də istifadə edilib. Eyni zamanda həmin dövrdə delfinlərdən körfəzdə böyük təhlükə törədən sahibsiz minaların məhvində də istifadə edilib. Bu qeyri-insani hərəkətlər nəticəsində yüzlərlə delfin məhv oldu.
"Zaman Azərbaycan"