Son zamanlar bir sıra ekspertlər və KİV-lər qeyd edir ki, uçot dərəcəsinin artması kredit faizlərini artıracaq. Bəli, nəzəri baxımdan yanaşma səhv olmasa da, amma faktiki olaraq məntiqli deyil.

Milli.Az xəbər verir ki, bunu maliyyə məsələləri üzrə iqtisadçı-ekspert Nicat Hacızadə bildirib.

Bank və kreditlərlə bağlı neqativ fikirlərə cavab

İqtisadçı əvvəlcə uçot dərəcəsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib: "Mərkəzi Bankın uçot dərəcəsinin qalxması ilə bağlı bir sıra nəzəri və praktiki fikirlər səsləndirilib. Qeyd edək ki, Mərkəzi Bank 2016-cı il ərzində faiz dərəcəsini əvvəlcə 5%-ə, sonra 7%-ə qaldırıb. Mərkəzi Bankın əsas arqumenti budur ki, bu addım ölkədəki makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır. Beynəlxalq paktika baxımından uçot dərəcəsi (discount rate) anlayışı veksellərin alınma prosesində vekselin uçotu zamanı qəbul edilən faiz dərəcəsidir. Azərbaycanda bu anlayış mövcud olmadığı üçün, uçot dərəcəsi ölkə üzrə kommersiya banklarına verilən kredit faizlərinin dərəcəsi kimi qiymətləndirilir. Mərkəzi Bankın haqlı olaraq qeyd etidyi ‎makroiqtisadi stabiliyin qorunması sırf buna xidmət edir".

Ekspert məsələyə əvvəlcə nəzəri, daha sonra praktiki tərəfdən baxmağı təklif edir: "Uçot dərəcəsinin artması ölkədəki inflyasiyanın nəzarətdən çıxması kimi amillərin qarşısını almaq üçündür. O, ölkədə ‎inflyasiya dərəcəsi artdığı zaman tətbiq olunur və inflyasiya səviyyəsini aşağı salmağa ehtiyac duyulur. Qeyd edim ki, yanvar ayında ölkədə ikirəqəmli inflyasiya qeydə alınıb.

Sual oluna bilər ki, uçot dərəcəsi buna necə təsir göstərir?! Burada praktiki məqamlara əsaslanaraq deyim ki, bu Azərbaycana xas olmasa da, adətən uçot dərəcəsi kommersiya banklarının aldığı mərkəzləşdirilmiş kreditini azaldır, əhaliyə pul təklifi azalır, kredit faizləri avtomatik artır. Belə olan halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və müəssisələr daha baha kredit alır. Nəticədə kredit faizləri hər hansı məhsulun və xidmətin bahalaşmasına zəmin yaradır və bu da ümumi işgüzar mühitə mənfi təsir edir, nəhayət, iqtisadiyyatda daralmaya gətirib çıxardır. Görünən odur ki, Azərbaycan hökuməti iqtisadiyyatın daralması hesabına makroiqtisadi stabilliyi qorumaq və inflyasiyanı darlaşdırmaq istəyir.

Zəiflədici ‪monetar siyasətin bəzən tez tətbiq edilməsinə ehtiyac duyulur. İnflyasiyanın qalxmasının Azərbaycanda hökumətin apardığı heç bir səhv siyasətlə əlaqəsi yoxdur. Bu makroiqtisadi nəzəri məsələdir. ‎Devalvasiya olubsa, inflyasiya avtomatik qalxmalıdır. Bunun isə qarşısı bir sıra maliyyə alətləri vasitəsilə alınmalıdır. Onu da qeyd edim ki, bazar iqtisadiyyatı şəraitində ‎süni qiymət artımı da olur. Və heç kim deməsin ki, sahibkar istədiyi qiyməti qoya bilər. Dünya praktikasında bunun qarşısının alınması ilə bağlı kifayət qədər fakt var".

Bank və kreditlərlə bağlı neqativ fikirlərə cavab

N.Hacızadə hesab edir ki, son zamanlar manatın dollar qarşısında zəifləməsi müvəqqəti xarakter daşıyır: "Uçot dərəcəsinin artması digər tərəfdən manatın möhkəmlənməsinə xidmət edir, amma son zamanlar biz manatın dollar qarşısında zəiflədiyinin şahidi oluruq və fikrimcə, bu müvəqqəti prosesdir. Çünki nəzəri və praktiki baxımdan Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin artırılması manatın möhkəmlənməsinə xidmət etməlidir. Çünki uçot dərəcəsinin artırılması infliyasının azaldılmasına xidmət edir. İnflyasiya şəraitində dolların 2 manata qalxması iqtisadi məntiqə əsaslanmır.
Uçot dərəcəsi manatı möhkəmlətməklə yanaşı, ixracatla ölkəyə daxil olan manatın həcmini azaldır və inflyasiyanı aşağı salır. İki seçim qarşısında qalan Azərbaycan hökuməti inflyasiyanı aşağı salma siyasəti seçib, çünki əhalinin gəlirlərinin azaldığını yaxşı anlayır və bu daha vacibdir. İnvestisiyaya isə uçot dərəcəsinin iki cür - mənfi və müsbət təsirləri var. Uçot dərəcəsi manatın bahalaşmasına təsir edir, başqa sözlə, ölkədə bütün faiz dərəcələri qalxır və dolayı yolla investisiyaların gəlirliliyini artırır. Təbii ki, burada qiymətli kağızlar bazarının yüksək səviyyədə olması mütləqdir. Mənfi tendensiyaya yanaşma başqadır".

Bank və kreditlərlə bağlı neqativ fikirlərə cavab

Nəhayət o bildirib ki, uçot dərəcəsinin artması Azərbaycanda kommersiya banklarının kredit faizlərinə təsir etməyəcək: "Səbəb sadədir. Kommersiya banklarının təklif etdiyi kreditlərin faiz dərəcəsi uçot dərəcəsindən 2-3 dəfəyədək çoxdur. Digər tərəfdən, kommersiya banklarının maliyyə hesabatlarına əsasən, kredit portfeli əsas olaraq depozit faizləri və yüksək faiz dərəcələri xarici maliyyə institutlarından cəlb edilən vəsaitlərə əsaslanır. Portfeldə Mərkəzi Bankın uçot dərəcəsinin nə qədər pay tutacağını dəqiq faizlə demək olmasa da, az olduğu məlumdur. Uçot dərəcəsinin qalxmasından sonra isə bu hissənin bir qədər də azalma ehtimalı var".

İlkin İzzət
Milli.Az