A–
Bakı, 10 mart, AZƏRTAC
Britaniya kəşfiyyatı İŞİD terror qruplaşmasının sıralarında döyüşən 20 mindən çox xarici ölkə vətəndaşının şəxsiyyəti barədə informasiyanın olduğu məxfi sənədlərin təhlili ilə məşğuldur.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, İŞİD qruplaşmasına məxsus məxfi sənədlər Britaniyanın xüsusi xidmət orqanlarının əlinə keçib. Məlumatları fərarilik edən qruplaşma üzvlərindən biri İŞİD-in daxili polis hissəsindən oğurlayaraq Mİ-6 xarici kəşfiyyat və Mİ-5 əks-kəşfiyyat xidmətinə ötürüb. Beləliklə də Britaniyanın xüsusi xidmət orqanları Suriya və İraq ərazisində döyüşən 22 min xarici yaraqlı barədə məlumatları əldə edib.
“The Times” nəşrin yazdığına əsasən, kəşfiyyat xidmətlərinin ekspertləri artıq informasiyanın tədqiqinə başlayıb. Əldə olunan materiallarda yaraqlıların hər birinin adı, milliyyəti, vətəndaşı olduğu ölkə, qohumlarının yaşadığı ünvanlar və mobil telefon nömrələri, hətta qan qrupları barədə məlumatlar yer alır.
Sənədlər göstərir ki, qruplaşma üzvlərinin 70 faizindən çoxu ərəb ölkələrindəndir. İŞİD-ə qoşulan avropalıların sırasında isə Fransa, Almaniya və Böyük Britaniya vətəndaşları üstünlük təşkil edirlər.
Britaniya xüsusi xidmət orqanları məxfi məlumatların ələ keçirilməsini İŞİD qruplaşmasının planlarına vurulan ciddi zərbə kimi dəyərləndirib.
AZERTAG.AZ :Britaniya kəşfiyyatı 22 min İŞİD yaraqlısının şəxsi məlumatlarını ələ keçirib