Almaniyada Əmirə Behari adlı qadın məhkəmədə problemlərlə qarşılaşıb. Hakim ondan çarşabını çıxararaq ifadə verməyi tələb edib. Əks təqdirdə Beharinin yalan ifadə verməkdə və məhkəmənin işinə mane olmaqda suçlanaraq həbs ediləcəyi deyilib.
Milli.Az Bild-ə istinadən bidirir ki, proses Almaniyanın Münhen şəhərindəki Dövlət Məhkəməsində gedir. Üzündə niqab, əlində əlcəklər, əynində dəri gödəkçə olan 43 yaşlı Əmirə Behari şəhərin dəmiryol vağzalında 35 yaşlı almanın onu təhqir etdiyini deyərək məhkəməyə şikayətlənmişdi.
"Bu insan mənə yaxınlaşdı, itələdi və "Murdar, yaramaz! Rədd ol, gəldiyin yerə qayıt!" dedi", - Ə.Behari şikayət ərizəsində yazmışdı.
Hakim Tomas Müller isə bildirib ki, iddiaçının üzünü görməlidir, əks təqdirdə işə baxılması ilə bağlı ciddi problemlər yaranacaq.
"Üzünüzü açmalısınız. Məhkəmədə belə niqablı durmağınız bütün ədliyyə sisteminə meydan oxumaqdır. Belə getsə, suçladığınız insana bəraət verməkdən və sizi cəzalandırmaqdan başqa çıxış yolu qalmayacaq", - hakim deyib.
Məhkəmənin qərarı ilə təkrar iclas keçiriləcək. Əgər martın 17-dəki təkrar iclasda da Əmirə Behari üzünü açmazsa, onu cərimə və hətta həbs gözləyir.
Münhen şəhər prokurorluğu müsəlman ilahiyyatçılarla məsləhətləşəndən sonra bəyan edib: "Bizə deyildi ki, Qurana və Şəriətə görə, müsəlman qadın hakim, polis və prokuror qarşısında üzündəki niqabını çıxara bilər. Əmirə Behari də hakimin tələbinə riayət etməlidir".
Milli.Az
