A–
Bakı, 14 mart, AZƏRTAC
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən 54 şəhər və rayondan IX-XI siniflərdə təhsil alan 1980 şagirdi əhatə edəcək “Ölkəmizi tanıyaq” adlı maarifləndirici tur-aksiyaların növbəti mərhələsinin keçirilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində ölkə gəncləri Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Lerik, İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar, Xaçmaz bölgələrində qədim tarixi, mədəniyyət abidələri ilə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Tarix-Diyarşünaslıq muzeylərinə, Gənclər mərkəzlərinə, Bayraq meydanlarına, rəsm qalereyalarına və s. obyektlərə baxış keçirəcəklər. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaq.
Ümumiyyətlə, 2014-cü ilin avqust ayından başlanan və 4 mərhələdə keçirilən tur aksiyalarda 74 şəhər və rayondan 5155 şagird iştirak edib.
Martın 16-dan 19-dək və 24-dən 27-dək keçiriləcək beşinci tur aksiyasında 54 şəhər və rayondan 1980 şagird iştirak edəcək.
AZERTAG.AZ :“Ölkəmizi tanıyaq” tur-aksiyalarının növbəti mərhələsi başlayır