RBC analitiklərinin fikrincə, "Brent" markalı neftin ardıcıl 3 həftədir artım göstərməsi neft hasilatçısı olan ölkələrin rifah fondundan istifadə etmələrinin qarşısını ala bilməyəcək. "RBC Capital Markets"in xammal bazarları üzrə analitiki Helma Kroft bildirib ki, neft hətta cari səviyyədə stabilləşsə də, neft hasilatçısı ölkələri üçün 2016-cı il çətin keçəcək. Neft ölkələri xərclərini azaltmağa, valyuta ehtiyatlarından istifadə etməyə və xarici borclanmaya getməyə məcbur olacaq. Belə ki, "Moody's" beynəlxalq reytinq agentliyi keçən həftə Rusiya, Qətər, Səudiyyə Ərəbistanı və Küveyt kimi iri neft hasilatçılarının reytinqini azalda biləcəyi barədə xəbərdarlıq edib. Reytinqin azaldılmasının bu ölkələrin daha bahalı maliyyələşmə əldə etməsinə səbəb olacağı qeyd edilir.
Neft hasil edən ölkələr artıq büdcə kəsirlərini örtmək üçün rifah fondlarına əl atıb. Bu fondlar isə əsasən neft satışı hesabına formalaşır. Hazırda bu tip fondlarda ümumilikdə 7,1 trln. dollar həcmində vəsait var və 2014-cü ildən bu göstərici azalır.