Martın 21-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Dənizkənarı Milli Parkda Novruz bayramı münasibətilə böyük konsert proqramı təşkil edib.
Milli.Az bildirir ki, bayram gəzintisinə çıxan paytaxt sakinləri və şəhərimizin qonaqları bir neçə saat ərzində rəngarəng musiqi nömrələri izləyiblər. Səhnədə milli və estrada musiqi sədaları bir-birini əvəz edib. Əməkdar artist Ruhəngiz Allahverdiyeva, populyar müğənnilər Əlikram Bayramov, Emil Bədəlov, Səidə Dadaşova, Lamiyə Novruzova, Aysel Əlizadə, Yaşar Cəlilov, Niyam Salami, Elcin Hüseynov, Fatimə Fətəliyeva, reperlər Fərid Qurd və Ramin Nabran və bir çox başqa tanınmış incəsənət ustalarının ifasında şən mahnılar səsləndirilib. İdarənin şəbəkəsinə daxil olan uşaq musiqi və incəsənət məktəblərinin, mədəniyyət evləri və klubların nəzdində fəaliyyət göstərən "Nağaraçalanlar" ansamblı, "Aysel", "Səma", "Lalələr", "Cücələrim" və digər rəqs kollektivlərinin çıxışları tamaşaçılara bayram əhval-ruhiyyəsi yaşadıb.
Xatırladaq ki, Mədəniyyət və Turizm İdarəsinin Milli Dənizkənarı parkda təşkil etdiyi konsert iki gün davam edib.
Milli.Az















