Bakı. 23 mart. REPORT.AZ/ Azərbaycanın Serbiyadakı səfirliyinin dəstəyi və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Belqradda mərkəzindəki Taşmaydan parkında Beynəlxalq Novruz Günü münasibəti ilə tədbir keçirilib.
Serbiyadakı Azərbaycan Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, tədbirin açılışında çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə qədim Şərqdə baharın gəlişini, təbiətin oynaşını təmsil edən, bolluq, bərəkət rəmzi olan Novruz haqqında məlumat verərək, bu bayramın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini, 2010-cu ildə isə Azərbaycanın təşəbbüsü ilə BMT Baş Məclisi tərəfindən 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi qəbul edildiyini bildirib.
Tədbirin keçirildiyi ərazidə həmçinin Novruzun tonqalı yandırılıb, Azərbaycanın milli rəqslə oynanılıb.
Tədbir zamanı Serbiyanın tanınmış opera müğənnisi Natalya Yoviç “Bu gün ayın üçüdür”, serb müğənni İvana Munca isə “Sarı gəlin” və “Laçın” Azərbaycan xalq mahnılarını ifa ediblər. Eyni zamanda Müslim Maqomayevin “Azərbaycan” mahnısı, eləcə də Novruzla bağlı “Səməni nazlı gəlin”, “Novruz gəlir, yaz gəlir” və digər mahnılar səsləndirilib.
Yekunda qonaqlar Azərbaycan mətbəxinə məxsus şirniyyatlar, o cümlədən şəkərbura, paxlava, qoğal ilə bəzədilmiş süfrəyə dəvət edilib.