[ 19 Fevral 2015 18:02 ]
APA-nın xəbərinə görə, bu sözləri ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev qurumun qış sessiyasında çıxışı zamanı deyib.
A. Quliyev bildirib ki, həmsədrliyə cəlb edilmək üçün ən münasib ölkələr Almaniya və Türkiyədir: “Hər iki dövlətin cəlb edilməsi ilə biz Minsk Qrupunun hazırkı həmsədrlik institutunu “5-lik Sədrlər Şurası” ilə əvəzləyə bilərik. Niyə məhz Almaniya və Türkiyə? Almaniya hər iki münaqişə tərəfi ilə sıx əməkdaşlıq edir, bundan əlavə, onun hazırkı üç həmsədr dövlət olan ABŞ, Rusiya və Fransa ilə yaxın əməkdaşlıq çərçivəsində Avropa Birliyinin potensial imkanları və resurslarından, xüsusilə də Azərbaycan və Ermənistanın da üzv olduğu “Şərq Tərəfdaşlığı” proqramından effektiv şəkildə istifadə imkanları var. Bu təşəbbüslə çıxış edərkən Almaniya kansleri xanım Angela Merkelin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həllində öz ölkəsinin fəal rol oynamasında maraqlı olduğu və buna hazır olması barədə bəyanatını xatırlatmaq istəyirəm. Türkiyənin isə Qafqazda çoxəsrlik tarixi əlaqələri və təsir imkanları var ki, bunu yuxarıda adları çəkilən digər 4 ölkənin resursları ilə birləşdirməklə tərəflərin qısa müddət ərzində sülh sazişi imzalamasına öz töhfəsini verə bilər. Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və əlaqələrinin yenidən qurulması istiqamətindəki danışıqlarını, Türkiyənin isə bu normallaşma prosesinin Dağlıq Qarabağ probleminin həllindən asılı olmasıyla bağlı mövqeyini buna əlavə etsək, Türkiyənin həmsədrliyi bu baxımdan məntiqi və müsbət hesab edilə bilər. Ona görə də ATƏT-in hazırkı sədri, Serbiyanın xarici işlər naziri cənab İvitsa Daçiçdən, eləcə də ATƏT Nazirlər Şurasından xahiş edirəm ki, bu təklifimi mövcud qaydalar çərçivəsində nəzərə alsınlar”.