A+
A–

Bakı, 31 mart, AZƏRTAC
“Azneft” İstehsalat Birliyi (İB) hasilat prosesində, tikinti-quraşdırma işlərində, yataqların işlənilməsində mütərəqqi yeniliklərin tətbiqinə önəm verir, yeni texnika, texnologiya və avadanlıqlardan istifadə olunur.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzun illər istismarda olan avadanlıqların mühafizəsi üçün yeni reagent və texnologiyalar işlənib hazırlanır, müxtəlif texnoloji üsulların tətbiqi müsbət nəticələr verir. Bu ilin əvvəlindən başlayaraq İB-nin idarələrində BSA-906 və BSA-512 tipli reagentlər mədən və laboratoriya sınaqlarından çıxarılıb. Bu reagentlərdən neftin deemulsasiyasında - susuzlaşdırılmasında və duzsuzlaşdırılmasında uğurla istifadə olunur. Mədəndaxili neft boru kəmərlərində duzlaşmanın qarşısını alan başqa bir reagent ilk dəfə “Bibiheybət” neft və qazçıxarma idarəsindəki (NQÇİ) mədəndaxili neft boru kəmərlərində tətbiq edilib və müsbət nəticə alınıb.
Qeyd edək ki, əvvəllər mədəndaxili neft boru kəmərlərində duz kristallarının əmələ gəlməsi səbəbindən kəmərlər ya vaxtaşırı dəyişdirilir, ya da demontaj edilərək xüsusi yerlərə aparılır və duz kristallarından təmizlənirdi. Reagentin tətbiq olunmasından sonra bu məsələ öz həllini tapıb. Gələcəkdə tələbat yaranacağı təqdirdə bu üsuldan digər istehsalat obyektlərində də istifadə olunması nəzərdə tutulur. Buna bənzər digər xüsusi reagent quyudibində duzlaşmanın qarşısının alınması məqsədilə “Siyəzənneft” NQÇİ-də tətbiq edilib. NQÇİ-də əvvəllər duzlaşmanın qarşısını almaq üçün həftədə bir dəfə quyudibinə xlorid turşusu vurulurdu. Yeni üsulun tətbiqindən sonra xlorid turşusunun vurulması dayandırılıb, quyuların təmirlərarası müddəti dəfələrlə artıb.
Səmərəliliyin artırılmasına xidmət edən yeni texnika və texnologiyaların tətbiqi bundan sonra da davam etdiriləcək.
AZERTAG.AZ :“Azneft” İB-də tətbiq olunan yeni texnoloji üsullar müsbət nəticələr verir