ADU-da “Xocalı harayı” tamaşası nümayiş olunub

ADU-da “Xocalı harayı” tamaşası nümayiş olunub
20:13 19 Fevral 2015
181 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 19 fevral, AzərTAc
Fevralın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımına həsr olunmuş “Xocalı harayı” tamaşası nümayiş olunub.
ADU-dan AzərTAc-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tələbələr Xocalı faciəsinə həsr olunan şeirlər söyləyib, Azərbaycanın bu qədim şəhərində ermənilər tərəfindən törədilən qanlı hadisələr, dəhşətli soyqırımı barədə ətraflı məlumat veriblər.
Sonra “Xocalı harayı” tamaşası göstərilib. Universitetin tələbəsi Gülnar Xəlilovanın ssenarisi əsasında hazırlanmış tamaşanı ADU-nun tələbələri təqdim ediblər.
Tamaşada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı, etnik azərbaycanlılara qarşı törədilən soyqırımında xalqın başına gətirilən zülmlər, işgəncələr, didərgin düşmüş Xocalı sakinlərinin acınacaqlı vəziyyəti əks olunub. Tamaşa Azərbaycanın xoş gələcəyinə, Xocalının, eləcə də işğal altında olan digər torpaqlarımızın geri qaytarılacağına böyük ümid və əminliyin ifadəsi ilə yekunlaşıb.
Tamaşadan sonra ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov çıxış edərək Xocalı soyqırımının xalqımızın tarixində ən qanlı səhifə olduğunu deyib. Xocalının yerlə-yeksan edildiyini söyləyən rektor burada insanlıq əleyhinə soyqırımının törədildiyini, mülki əhalinin etnik təmizləmə siyasətinin qurbanı olduğunu diqqətə çatdırıb, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı tamaşanın yüksək səviyyədə təşkil olunduğunu, Azərbaycanın gələcəyinə böyük ümidlər doğuran gənclərin yetişdiyini söyləyib.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADU_da_Xocali_harayi_tamasasi_numayis_olunub-833493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR