A+
A–

Vilnüs, 31 mart, AZƏRTAC
Litvanın xarici işlər naziri Linas Linkyaviçyus Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Nazirlərin görüşündə qaçqınlarla bağlı böhranın həllində Avropa İttifaqı ilə Türkiyənin sıx əməkdaşlığı müsbət qiymətləndirilib. L.Linkyaviçyus əldə olunmuş razılaşmaların tam həcmdə yerinə yetirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, Litva hazırda Suriyadan və regionun digər dövlətlərindən üç milyona yaxın qaçqın qəbul edən Türkiyəni dəstəkləyir.
M.Çavuşoğlu litvalı nazirə məlumat verib ki, Avropa İttifaqı və NATO ilə əməkdaşlıq Avropaya gələn qaçqınların sayını xeyli azaltmağa və insanların qeyri-leqal şəkildə daşınması ilə məşğul olan qruplaşmalara zərbə endirməyə imkan yaradıb.
Qaçqınlar böhranının həllində və təhlükəsizlik məsələlərində həmrəyliyin vacibliyini vurğulayan L.Linkyaviçyus deyib: “Biz mövcud çətinlikləri yalnız birgə fəaliyyət göstərməklə aradan qaldıra bilərik”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
AZERTAG.AZ :Litva və Türkiyənin xarici işlər nazirləri Vaşinqtonda təhlükəsizlik məsələlərini müzakirə ediblər