Hollivud ulduzu Leonardo Di Kaprionun baş rolda oynadığı "The Revenant" filminin süjeti Bolqarıstanda təkrarlanıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 30 yaşlı britaniyalı Janver Sandu Bolqarıstandakı meşəliklərdən birində xizək yürüşündə olarkən canavarlar onu parçalamaq istəyiblər.
Yırtıcılardan qurtulmaq istəyən Janver ağaca dırmaşıb və səhərədək orada qalıb.
"Ağacın ətrafında, aşağıda ac yırtıcılar vardı. Onlar məni parçalamaq istəyirdilər. Səhərədək budaqda oturdum. Susuz olduğum üçün qar yedim. Soyuqdan tir-tir əsirdim. Ağaca qədər necə qaçdığımı bilmədim, çünki xizəklərim sınmışdı və qurşağa qədər qara bataraq qaçırdım. Tanrının yazığı gəldi, qaçaraq ağaca çata bildim. Çəkmələrimin içinə qar dolmuşdu, sürətlə qaça bilmirdim. Ona görə çəkmələrimi çıxarıb atdım", - J.Sandu deyib.
Onun sözlərinə görə, dağın yamacından sürüşəndə ağaca dəyib, xizəkləri sınıb. Bir qədər sonra isə o, üç canavarı görüb.
Sandu canavarların onu parçalamağa hazırlaşdığını anlayıb.
Səhər saatlarında onu yoldan keçən avtomobilin sürücüsü xilas edib.
"Maşını görəndə Tanrıya minnətdarlıq etdim, sevindim. Deməli, yaşayacaqdım. Daha sonra anladım ki, "The Revenant" filminin qəhrəmanı təki, ən ağır şəraitdə, təhlükədə qaldım. Amma qurtuldum", - J.Sandu söyləyib.
Çelmsford şəhərinə qayıdandan sonra o, üç gün xəstəxanada qalıb.
Milli.Az


