Xalq artisti Aygün Kazımovanın səhhəti ilə bağlı yaranan xəbərlər böyüməyə başlayıb.
Milli.Az xəbər verir ki, ötən gün müğənni mətbuata açıqlamasında ağır xəstəliyinin olması barədə yayılan xəbəri təkzib edib. Aygün Kazımova vəkil Fərid Həsənovu yalan məlumat yaymaqda ittiham edib. Müğənni bildirib ki, o, plastik əməliyyat olunmaq üçün Türkiyəyə gedib, heç bir ağır xəstəliyə tutulmayıb.
Natəvan Həbibinin vəkili Fərid Həsənov isə Ədliyyə Nazirliyinin İcra Şöbəsinin müğənninin ağır xəstəliyə tutulması ilə bağlı verdiyi sənədin nüsxəsini Qafqazinfo-nun redaksiyasına göndərib. Vəkil bildirib ki, yayılmış məlumat həqiqətdir və xalq artisti Aygün Kazımovanın məhkəmə qətnaməsinin icrasını müxtəlif bəhanələr gətirərək uzatması qeyri-mümkündür.
Ağır xəstəliyə düçar olması xəbərləri ilə gündəmə gələn xalq artisti bu məsələlərə son qoymaq üçün şəxsi İnstaqram hesabında qeyd olaraq yazıb:
"Hər gün bir ananın gözü yaşlı qalır. Hər gün Vətənə bir şəhid qurban veririk. Dərdimiz, məqsədimiz bir olmalıdır. İndi Aygün, qeyri-Aygün, şou-biznesdəki qalmaqalları gündəmə gətirmək lazım deyil. Bu gün hamı bir olub, hər zamankı kimi ali baş komandanın siyasətini dəstəkləməlidir. Mən də bu yolu tuturam".
Milli.Az