A–
Bakı, 14 aprel, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur aksiyasında Qaradağ rayonundan Naxçıvan Muxtar Respublikasına göndərilmiş 28 məktəbli arasında “Naxçıvanda sivilizasiyanın 3500 illiyi” mövzusunda bilik olimpiadası keçirilib.
Tədbirdə çıxış edən Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov Azərbaycanın ən qədim iqtisadi, siyasi və mədəni mərkəzlərindən olan Naxçıvanın öyrənilməsi istiqamətində olimpiadanın keçirilməsinin əhəmiyyətindən danışıb, böyüməkdə olan nəslin intellektual səviyyəsinin daim artırılması, onların ümumbəşəri və milli dəyərlərə yiyələnməsinin dövlət gənclər siyasətinin tərkib hissəsi olduğunu və Qaradağ Rayon İcra Hakimiyyətinin belə tədbirləri daim diqqət mərkəzində saxladığını bildirib.
Rayon icra hakimiyyətinin məsul əməkdaşı Səmayə Şıxəliyeva tarixin bütün sınaqlarına sinə gərərək təkcə Azərbaycana deyil, dünyaya dahi ədiblər, sərkərdələr, ictimai və siyasi xadimlər, elm, incəsənət adamları bəxş etmiş Naxçıvanın gənc nəsil tərəfindən öyrənilməsinin vacib olduğunu qeyd edib.
Tur aksiyasına rəhbərlik etmiş rayon icra hakimiyyətinin əməkdaşı Firidun Hüseynov Naxçıvanla bağlı təəssüratlarını bölüşüb, səfərin şagirdlərin muxtar respublika ilə bağlı maariflənməsində, onlarda vətənpərvərlik hisslərinin aşılanmasında müstəsna əhəmiyyəti olduğunu söyləyib.
Sonra üç mərhələdən ibarət olimpiadaya start verilib.
Yazılan cavabların nəticələrinə əsasən 253 nömrəli məktəbin XI sinif şagirdi Sadiq Əliyev I yerə, 273 nömrəli məktəbin X sinif şagirdi Ramil Əhmədov II yerə və 228 nömrəli məktəbin X sinif şagirdi Kamran Şahmirzəyev III yerə layiq görülüb.
Qaliblər müvafiq dərəcəli diplomlar, medallar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
AZERTAG.AZ :“Naxçıvanda sivilizasiyanın 3500 illiyi” mövzusunda bilik olimpiadası keçirilib


