Litva qəzetində erməni mifi haqqında məqalə dərc edilib

Litva qəzetində erməni mifi haqqında məqalə dərc edilib
19:43 20 Fevral 2015
123 Ölkə
Ölkə mətbuatı
A- A+


Vilnüs, 20 fevral, AzərTAc
Litvada nəşr olunan “Lietuvos zinios” qəzetində məşhur jurnalist, www.slaptai.lt internet portalının rəhbəri Gintaras Visotskasın “Avropa sülhsevər müsəlmanlarla ünsiyyət saxlaya bilmir” sərlövhəli məqaləsi dərc edilib.
Məqalə müəllifi Avstriya tarixçisi, alim, tədqiqatçı Erix Fayqlın “Terror mifi. Erməni ekstremizmi: mənbələr və tarixi kontekst” əsərinə istinad edərək qondarma “erməni soyqırımı” və erməni terrorundan danışır. G.Visotskas E.Fayqlın “Erməni mifomaniyası” kitabına da istinad edib. Müəllif qeyd edir ki, Avstriya tədqiqatçısı ilə onlarla həmfikir olanlar var. Onların sırasında Tomas De Vaal, fransız tarixçisi Fernan Brodel, Belçikadan tarixçi Mişel van Esburk, Hollandiyadan tarix müəllimi Arend Yan Boyekestijnın adını çəkmək olar. Tarix müəllimi A.Y.Boyekestijn “Xolokost və 1915-ci ildə Osmanlı imperiyasındakı hadisələr arasında çox mühüm fərq olduğunu” təsdiqləyir. O yazır: “Birincisi, yəhudilər almanlara heç bir zərər vurmayıblar. Onlar sadəcə qəddar Hitler irqçiliyi ilə üzləşiblər. Eyni zamanda, ermənilərin türklərə qarşı silahlı hərəkatda iştirak etmələri barədə sübutlar var”.
Məqalədə alman alimi Eberxard Jakelin fikirləri sitat gətirib: “Türk hökumət orqanlarının erməniləri məhv etmək barədə göstəriş vermələrinə dair heç bir sübut yoxdur. Qeyd etmək vacibdir ki, İstanbul ətrafında, eləcə də şəhərin özündə yaşayan ermənilərdən bir adam belə deportasiya olunmayıb”.
G.Visotskas erməni terroru, o cümlədən “Asala”, “Qnçak” və “Daşnaksütun” terror təşkilatları haqqında da yazır.
Məqalə müəllifi diqqətə çatdırır ki, “Charlie Hebdo” redaksiyasının işçilərinə qarşı terror aktı Avropanı titrədəndə, İsveçrədə “ASALA” təşkilatının yaradılması günü yada salınıb. İsveçrədə çıxan “Schweiz” qəzetində “ASALA” erməni terror təşkilatının vəhşilikləri barədə məqalə yer alıb. İsveçrə həmin təşkilatın terrorçularından dəfələrlə ziyan görüb. Məsələn, 1981-ci il iyulun 19-22-da “ASALA” silahlıları İsveçrədə dörd yerdə - federal parlamentin binası yaxınlığında, Sürix aeroportunda, Lozannada univermağın qadın geyimləri şöbəsində və Cenevrə vağzalında partlayış törədiblər. Bütün bunlar isə qurbansız ötüşməyib.
Litva jurnalisti vurğulayır ki, terror aktına məruz qalmaq baxımından İsveçrə ilə müqayisədə Litvanın bəxti daha çox gətirib. Ölkədə bu təşkilat bir terror aktı da törətməyib. Məqalədə yazılıb: “Litvanın bu hadisələri xatırlamamağa mənəvi haqqı varmı? Məgər Litva ictimaiyyəti bilməli deyil ki, “ASALA”nın əsas tələblərindən biri Türkiyəyə və Avropaya 1915-ci il hadisələrini ermənilərin soyqırımı kimi qəbul etdirmək olub? Bundan başqa, bu il yanvar ayında “Charlie Hebdo” redaksiyasına qarşı terror aktı Avropanı titrədəndə “ASALA”nın təşkilindən və onun Beyrutda törətdiyi ilk terror aktının 40 ili tamam olub. Terrorizm haqqında Amerika statistikasına əsasən “ASALA” dünya üzrə 84 terror aktı törədib, bunların nəticəsində 46 insan ölüb və 299-u yaralanıb”.
G.Visotskas əmindir ki, son illər “türklər və onların azərbaycanlı qardaşlarının qəddarlığından” guya böyük tələfat və müsibətə uğramaları barədə çıxış üçün ermənilərə tribuna verən Litva Sakinlərinin Soyqırımı və Rezistensiyası Tədqiqatları Mərkəzi bu hadisələr barədə Türkiyənin üzünə də qapılarını geniş açmalıdır.
Müəllif yazır: “Türklərin “cavab sözlərinə” imkan yaratmaq mənəvi borcumuzdur. Ən azından ona görə ki, türklərə tribuna verməməklə ABŞ, Avropa, Rusiya, Gürcüstanın erməni saxtakarlığını, dezinformasiyasını və təbliğat aksiyasını diqqətlə araşdıran onlarla və yüzlərlə tarixçilərin, alimlərin və hərbçilərin fikrilərinə etinasızlıq göstəririk. Sivil, demokratik Litvanın belə böyük miqdarda fikirlərə əhəmiyyət verməməyə ixtiyarı yoxdur”.
Nigar Cəfərli
AzərTAc-ın xüsusi müxbiri
Vilnüs

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Litva_qezetinde_ermeni_mifi_haqqinda_meqale_derc_edilib-833780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR