Tiflisdə Bülbülün büstünün açılışı olub - FOTO

Tiflisdə Bülbülün büstünün açılışı olub - FOTO
23:17 20 Fevral 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Fevral 2015 23:12 ]

Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin qarşısında Azərbaycan milli vokal sənətinin banisi, SSRİ xalq artisti Bülbülün büstü açılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstanın sabiq  Mədəniyyət naziri, professor  Valeri Asatiani açaraq büstün açılması mərasimini vacib və tarixi gün adlandırıb. Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn çıxışında Polad Bülbüloğlunun sabah Tiflisdə keçiriləcək 70 illik yubileyini qeyd edib və növbəti yubileyin onun doğma vətəni Şuşada keçirilməsini arzulayıb. Sonda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib: "Mən belə bir günü heç zaman unutmaram. Büstün müəllifi, görkəmli gürcü heykəltaraşı Qiya Caparidzeyə təşəkkürümü bildirirəm. Bu gün Tiflis Şəhər Merliyinin və Gürcüstan Mədəniyyət Nazirliyinin qərarı ilə burda bu incəsənət əsərinin açılışı oldu. Burada ən başlıcası odur ki, Bülbül Mirzə Fətəli Axundovun evinə baxır. Məşhur Azərbaycan yazıçıları da Tiflisdə yaşayıb, yaradıblar. Bu bir simvolik bənzətmədir. Bizim gürcü xalqı ilə dostluğumuz daimidir. Bu günkü tədbir bizim mədəniyyətlərimizə verilən yüksək qiymətdir".

 

Bülbülün büstünün açılışından sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində gürcü və Azərbaycan dillərində Polad Bülbüloğluna həsr edilən "Polad-Gürcüstanın dostu" adlı kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində P. Bülbüloğlu Tiflis şəhərinin mədəni inkişafındakı xidmətlərinə görə diplomu ilə təltif olunub və Tiflisin "Fəxri vətəndaşı" medalına layiq görülüb. "Polad-Gürcüstanın dostu" adlı kitab "XXI əsr-Mədəniyyətlər Dialoqu" Assosiasiyasının və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə nəşr edilib. Tədbirdə həmçinin qadınlardan ibarət xor ansamblı Polad Bülbüloğlunun əsərlərini və digər gürcü mahnılarını ifa edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373579

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR