Polad Bülbüloğlunun 70 illik yubileyi Tiflisdə qeyd olundu

Polad Bülbüloğlunun 70 illik yubileyi Tiflisdə qeyd olundu
04:09 22 Fevral 2015
Ölkə mətbuatı
A- A+

"Tiflisdə mənə həyatımın yeni səhifəsini hədiyyə etdilər". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Polad Bülbüloğlu Gürcüstan paytaxtında təntənəli şəkildə qeyd edilən 70 illik yubileyi münasibəti ilə təşkil edilən konsertində deyib. Qeyd edək ki, fevralın 21-də Tiflisdə Cansuq Kaxidze adına Musiqi və  Mədəniyyət Mərkəzində Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti, görkəmli müğənni Polad Bülbüloğlunun 70 illik yubileyi ilə bağlı konsert baş tutub. Konsertə Moskvadan, Bakıdan qonaqlar, Gürcüstan dövlətinin rəsmiləri, parlament deputatları, Azərbaycan səfiri Azər Hüseyn və səfirlik əməkdaşları, müxtəlif universitetlərin rəhbərləri, görkəmli incəsənət adamları, Tiflis sakinləri, Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdən gələn soydaşlarımız Polad Bülbüloğlunun Tiflis simfonik orkestrinin müşaiəti ilə ifa etdiyi müxtəlif mahnıları sevinclə dinləyiblər. Polad Bülbüloğlunun ifaları dəfələrlə tamaşaçıların alqışına səbəb olub.

 

Konsertin başlanğıcında çıxış edən Polad Bülbüloğlu çoxdandır oxumadığını, Rusiyada Azərbaycanın səfiri vəzifəsində işlədiyi zaman yaradıcılıqla məşğul olmağın çətin olduğunu bildirib: "Mənim 70 illik yubileyim ilə bağlı tədbirlər Moskvada, Bakıda təntənəli şəkildə keçdi.

 

Mənim ünvanıma təbriklər söylənildi, mənə hədiyyələr, mükafatlar verildi. Bu gün isə ikinci vətənim Tiflisdəyəm. Bunun üçün dostum, sabiq mədəniyyət naziri işləmiş Valeri Asatianiyə minnətdaram. Dünən atamın Mirzə Fətəli Axundovun evinin yaxınlığında büstünü açdıq.

 

Burada iki azərbaycanlı rastlaşdı. Bu bir simvolik görüşdür. Bu büst tarixi dostluğumuzu daha da möhkəmlədəcək. Bu dostluq heç zaman pozulmayacaq. Bu dostluq əbədidir!", deyə 70 yaşlı yubilyar bildirib.

 

Sonra o, Cansuq Kaxidze adına Musiqi və  Mədəniyyət Mərkəzində drijor Vaxtanq Kaxidzenin rəhbərliyi ilə Tiflis simfonik orkestrin müşaiəti ilə "Ay dilbər!", "Qara tellər", "Xumar oldum", "Ay bəri bax!", "Gəl, ey səhər!" və "Qorxma, mən səninləyəm!", "Sevənlərin şəlaləsi" filmlərində oxuduğu mahnıları ifa edib.

 

Konsertdə yubilyarın oğlu 13 yaşlı Murtuza Bülbül orkestrdə bir musiqi nömrəsinə dirijorluq edib.

 

Konsertdə gürcü drijoru Vaxtanq Kaxidze, Azərbaycanın xalq artisti, maestro Cavanşir Cəfərov Polad Bülbüloğlunun ifa etdiyi mahnılara drijorluq ediblər.

 

Konsertin yekununda tamaşaçılara təşəkkür edən Polad Bülbüloğlu Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadzeyə Azərbaycan mədəniyyət naziri  Əbülfəs Qarayevin salamını çatdırıb və  onu Azərbaycana dəvət etdiyini söyləyib. Tədbirin son dəqiqələrində Polad Bülbüloğlu SSRİ xalq artisti Nani Breqvadzenin konsertə gəldiyini bilib və onunla səmimi şəkildə görüşüb.

 

Tədbirin sonunda Polad Bülbüloğlu  gürcü dilində "Lalebi" ("Lalələr") mahnısını ifa edib.

Polad Bülbüloğlu çıxışının sonunda "Tiflisdə mənə həyatımın yeni səhifəsini hədiyyə etdilər",  deyərək  yubiley konsertinə gələnlərə bir daha təşəkkür edib.

 

Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin rəhbəri Mixail Giorqadze Polad Bülbüloğlunun 70 illik yubileyinə çoxdan hazırlaşdıqlarını və bu yubileyin vacib bir tədbir olduğunu bildirib: "Bu bizim dostluq və qardaşlıq tədbirimizdir. Bizim mədəni münasibətlərimiz daha da daha da genişlənəcək. Mən may ayında Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak etməyə hazırlaşıram. Qeyd edim ki, mən ilk rəsmi səfərimi Azərbaycana etmişəm. Mən bu rəsmi səfəri səbirsizliklə gözləyirəm", deyə Gürcüstanın mədəniyyət naziri vurğulayıb.

 

Polad Bülbüloğlunun 13 yaşlı oğlu Murtuza Bülbül APA-ya atasının, babasının yolu ilə gedəcəyini və hazırda Moskvada musiqi məktəbin 7-ci sinifində oxuduğunu bildirib: "Tezliklə piano və drijorluq sinfini bitirəcəm. Atamın və babamın yolu ilə gedəcəm".










Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR