Deyəsən, bizim söhbətimiz lap uzaqdan başlamışdı.

Ona görə uzaqdan ki, bu adamın səsi mənə uzaq uşaqlıq dövrümü, ağ-qara rəngli nostalji dolu ekranı düşüncələrimdə canlandırırdı.

Bu söhbətin baş tutması üçün illər sonra mənim kənddən Bakıya, onun isə Kiyevdən Bakıya qayıtması lazım imiş.

Qonağım 80-ci illlərin unudulmaz estradasının parlaq simalarından olan Azad Zamanovdur.

Necə deyərlər, bu gün nə o dövr qalıb, nə də o musiqi mühiti.

Amma bizi axtarışa məcbur edən hiss onun səsi və mahnıları ilə yanaşı, bu gününün müğənni bolluğunda axtardığımız zövq idi.

- Azad müəllim haralardadır?

- Belə bir deyim var: “Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar etmə”, necə ki, siz çağırdınız, mən artıq burada yanınızdayam.

Siz mənə zəng edəndə xaricdə idim. Mən professional musiqiçiyəm, səsinizi eşidib, dedim görüşərəm, gələn kimi. Üç gündür ki, Bakıdayam.

Məni istəyən adamlara həmişə qapım açıqdır.

- Niyə oxumadınız?

- Bəzi yerlərdə demişəm. 90-cı illərdə İncəsənət Universitetində dekan müavini idim. Orada da müəllim idim.

90-cı illərin dəhşətli hadisələrindən sonra elə bir psixoloji mühit yaranmışdı ki, oxumaq gözə görünmürdü.

Qan-qada, müharibə, sən isə oturub mahnı oxuyasan, alınmırdı. Yəni soyudum bu işdən. Sonra anam, atam, qardaşım rəhmətə getdilər.

İşimi dəyişəsi oldum. Üç universitet bitirdim: Beynəlxlaq münasibətləri, İncəsənəti və hüququ. Hazırda hüquqşünas kimi çalışıram.

- Kimlərdən dərs almısınız?

- Müəllimlərim olub: Elza İbrahimova, Asiya Potina, Qulu Əsgərov, İslam Rzayev kimi adamlardan ilhamlanmışam.

Sənətdə isə son sözümü demədən getdim. Bu illərin musiqi ehtiyacı məni bir daha geri qayıtmağa vadar etdi. İndi yeni bir disk buraxdırmışam. Ürəyim istəyən, məni arzulayan şəxslərə hədiyyə edirəm.

- O dövrün məşhur pedaqoqlarından biri də siz olmusunuz. Tələbələriniz kimdir?

- Alim Qasımov, Mənsum İbrahimov, Brilliant xanım, Almaz Ələsgərli və s. Hamısına aktyor sənətindən dərs demişəm.

Yəqin, hamısı təsdiq edər ki, üstlərində müəyyən qədər əziyyətim olub.

- Bəs bu məşhurlar sizi axtarırdımı?

- Mənim axtarılmağa ehtiyacım olmayıb. Sağ olsun Alim, həmişə konsertlərinə dəvət edib. Eləcə də Mənsum dəvət edir.

- Bu gün niyə Akif İslamzadənin, Hüseynağa Hadiyevin, Azad Zamanovun səsindən yoxdur?

- Akif dəryadır, oxudu, bitirdi... Gərək elə oxuyasan ki, adamdan nəsə qala. Amma bu gün musiqi uçuruma gedir. Şou deyirlər bu gün, şou demək cəfəngiyyat deyil axı?

Bu gün acığıma gələn nədir? Özu yazır, oxuyur, bəstələyir...

Bəyəm yaxşı yazarlarımız, bəstəkarlarımız yoxdurmu? Əla da yazırlar. Onlara bu lazımdır, amma bu mənə lazım deyil. O boyda Rauf Hacıyevin, Tofiq Quliyevin mahnıları qalıb. Oxuyan yoxdur.

- Sizi daha çox xatırladan manhılar var: “İntizar” , “Mən gəlirdim” - bu mahnıların uğuru nədə idi?


- Hamısını ilk dəfə Şövkət xanım, Elmira xanım oxumuşdu. Hamısı da qadın ifaçılar idi.
Amma mən kişi ifaçı olaraq bu mahnıları oxuyan ilk adamam. Uğur da buradan başladı. Sonra da ilk dəfə Azərbaycanda klip çəkdirdim.

"Mən sənin yanına qışda gəlirdim"in sözləri Əliağa Kürçaylının idi. Bu mahnını Şövkət xanımdan icazə alıb oxudum, “Oxu tar”ın qalibi seçildim.

- Cənub müğənnilərinin çoxunda İran ritmi var, səsi var. Bəs siz də niyə yoxdur?

- Böyüklərimizdən eşitmişəm. Muğamların hamısının adı farscadır. Amma düz saat yarım oxuyurlar. Bizmkilər isə bunu qaydaya salıb, qısa konkretləşdirdilər.

Bölgələrin bütün səsləri gəlib Bakıda birləşir, cilalanır. Mənim böyük məktəb keçməyim hər şeyə nöqtə qoydu.

- Türk manhıları da oxudunuz?

- Bir az Türkiyədə yaşamışam. Selami ilə, Tatlısəslə dostluğum olub. O zamanlar Selaminin oxuduğu “Özlədim” mahnısı çox məşhur idi. Özündən halallığını alıb, oxudum.

Azad müəllimi çox yormadan müsahibəni qısaca başa vurmalı idik.

Onu da qeyd edim ki, müəllimin nə səsi, nə də oxumaq həvəsi sönməyib. Biz isə ona işlərində uğurlar arzulayırıq.

atvxeber.az





Внимание! У вас отключен JavaScript, или установлена старая версия проигрывателя Adobe Flash Player. Загрузите последнюю версию флэш-проигрывателя.

Unudulan ulduz: "Son sözümü deməmişəm" - VİDEO - FOTO
Unudulan ulduz: "Son sözümü deməmişəm" - VİDEO - FOTO
Unudulan ulduz: "Son sözümü deməmişəm" - VİDEO - FOTO