"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının qonağı meyxanaçı Namiq Qaraçuxurlu olub.

Axşam.az-ın məlumatına görə, sənətçi müğənni Kərim Abbasovu onuncu pilləyə layiq görüb. İfaçı Natavan Həbibini doqquzuncu edib.

N.Qaraçuxurlu Xatirə İslama irad tutub:

"Sızlamışam" yeni mahnı deyil, bunu aranjimançı dəyişir. Bu, hit-paradda olan mahnıları keçə bilməz. Ona görə də Xatirə xanımın bu mahnısını səkkizinci yerə layiq görürəm. Yeddinci yerə Zamiq Hüseynovu qoyuram. Xanımlar bu mahnını dinləyər, amma bu tip bəstələri Zamiq çox oxuyub.

Eldar Qasımov altıncı olsun, gəncdir həvəslənsin. Düzdür, birdənbirə böyük səhnə gördü. "Eurovision"a gedən sənətçilərin bəzilərinə ürəyim ağrıyır. Qəfildən peşəkar səhnə görür, Azərbaycana qayıdır, çətinlik çəkirlər, öyrəşə bilmirlər".

N.Qaraçuxurlu beşinci pilləyə qoyduğu Sevda Yahyayevanın ünvanına təriflər yağdırıb:

"Çox mədəni, gözəl xanımdır. Elə bilirəm ki, 20-30 il səhnədə olsa da, dəyişməyəcək, utancaqlığı qalacaq".

Meyxanaçı Azəri Günel Zeynalovaya irad tutub və onu dördüncü yerə layiq görüb:

"Müəyyən türk boğazları var ki, xoşlamıram. Sırf türk üslubunda oxuyur. Bilirəm ki, Günelin gözəl Azərbaycan boğazları da edə bilir. Darıxıram onları etməsi üçün. Bəzi müğənnilərimizin İbrahim Tatlısəs stilində oxuyur. Bunu xoşlamıram, mən onlara rahat qulaq asa bilmirəm".

Namiq Miri Yusifi üçüncü yerə layiq görüb və ona məsləhət verib:

"Seçdiyi yol onu repçilərdən ayırdı. İndi pərəstişkarları çoxdur. Ona məsləhət görərdim ki, seçdiyi sözlərə fikir versin. Başa düşürəm, rusdillidir. Amma elə sözlər oxuyur ki, Azərbaycan dilində belə ifadə yoxdur. Başqalarından məsləhət alsa, yaxşı olar. "Sən qəlbimə damla" kimi ifadə yoxdur, bu nə deməkdir? Miri Yusifi görsəm, özünə deyərdim. Bir əməkdar artistimiz var, Məhəmməd Füzulinin sözlərinə yazılmış mahnını oxumuşdu. Bir çox düz olmayan məqamlar var idi, özünə dedim. İndi həmin xanım məni görəndə, salam vermir".

Meyxanaçı Tünzalə Ağayevanı ikinci pilləyə qaldırıb və onu tərifləyib. Namiq birinciliyə xalq artisti Zülfiyyə Xanbabayevanı layiq görüb:

"Heç də düşünməsin ki, kənarda qalıb. Onun illərdir götürdüyü yol səbr tələb edir. Bu cür ulduz öz statusunu qoruyub saxlaya bilir. Bəzi müğənnilər iki ay efirə çıxmayanda, narahat olurlar ki, unuduldum. Amma Zülfiyyə xanım elə deyil".

N.Qaraçuxurlu Elnarə Xəlilovanı hit-paraddan uzaqlaşdırıb.