Şəmkir rayon ictimaiyyəti Xocalı faciəsi qurbanlarının əziz xatirəsini yad etmək üçün soyqırım abidə kompleksi önünə tər çiçəklər düzüblər. Sonra Heydər Əliyev Mərkəzində Xocalı dəhşətlərini əks etdirən fotostendlərlə tanışlıq olub. Rəsmi hissədə çıxış edənlər faciəni 20-ci əsrin ən dəhşətli qanlı terror hadisəsi və xalqmıza qarşı törədilən soyqırım aktı kimi qiymətləndiriblər. Faciənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyevanın "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının əhəmiyyəti yüksək qiymətləndirilib. Tədbir iştirakçıları Xocalı dəhşətlərini əks etdirən video-filmə və məktəblilərin faciə ilə bağlı hazırladığı ədəbi kompozisiyaya da baxıblar.
Samux rayonunda faciənin 23-cü ildönümünə həsr olunan "Xocalı-Qan Yaddaşımız" adlı elmi-praktik konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə şəhidlər abidə kompleksi önünə tər çiçəklər düzüblər. Rayon məktəblilərinin Xocalı faciəsinə həsr olunan rəsm sərgisi böyük marqala qarşılanıb. Rəsmi hissədə çıxış edənlər Xocalı faciəsini bəşəriyyətə qarşı törədilən ən qəddar terror aktlarından biri adlandırıb, bu soyqırım aktı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar. Bu yöndə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının artıq müəyyən nəticələr verdiyi bildirilib.
Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyasından Göygöl rayonunda da danışılıb. Rayonun mədəniyyət evində Xocalı faciəsinin ildönümü ilə bağlı keçirilən tədbirdə bu təbliğat nəticəsində faciənin Meksikada, Pakistanda, Kolumbiyada, ABŞ-ın bir çox ştatlarında rəsmən soyqırım aktı kimi tanındığı vurğulanıb. Burada da məktəblilərinin əl işlərindən ibarət sərgi olub. Ədəbi-bədii kompozisiya və Xocalı hadisələri barədə film nümayiş etdirilib.
Daşkəsəndə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı keçirilən tədbirin iştirakçıları əvvəlcə şəhidlər abidə kompleksində günhasız qurbanların xatirəsini ehtiramla yad edib, abidə önünə tər çiçəklər düzüblər. Rayon mədəniyyət evindəki tədbirdə çıxış edənlər insanlığa, bəşəriyyətə qarşı törədilən bu cinayət aktının dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu xatırladıblar. Bu gün də Xocalı həqiqətlərinin dünya ölkələrinə çatdırılmasının prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas elementlərindən biri olduğu deyilib. Tədbir rayon mədəniyyət evində şagirdlərin hazırladıqları "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya ilə davam edib.
Goranboyun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşan xocalılılar, faciənin ildönümü ilə bağlı keçirilən silsilə tədbirləri, qəsəbədə inşa olunan rəmzi "Gülüstan" qalasında davam etdiriblər. Rəmzi qalanın qarşısından sülh və azadlıq yürüşü start götürüb. Çıxış edənlər faciə haqqında danışaraq bu soyqrıma siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasının tələb olunmasının vacibliyi önə çəkiblər.
Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılan Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Ağstafa rayonunda da anım tədbiri keçirilib. Çıxış edənlər erməni cəlladlarının həyata keçirdiyi bu soyqırımın əsrlər boyu xalqımıza qarşı yürüdülən məkrli siyasətin tərkib hissəsi olduğunu qeyd ediblər. Sonda Xocalı faciəsinə həsr olunan sərgi nümayiş etdirilib, ədəbi-bədii qiraət gecəsi təşkil olunub.
Soyqırım qurbanlarının xatirələri Qazax Müəllimlər İnstitutunda anılıb. Təhsil ocağında 23 il öncə törədilən qətliamı əks etdirən fotostend nümayiş etdirlib. Daha sonra müəllim və tələbələrin iştirakı ilə tədbir dəyirmi masa ətrafında davam edib. Çıxış edənlər Xocalıda baş vermiş faciədən danışıb və bugünkü gəncliyin qan yaddaşına yazılacaq bu hadisənin unudulmamasının vacibliyini bildiriblər.
Goranboyda xocalı faciəsinin 23 illiyi münasibətilə rayonun Gənclər parkından, günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün ucalan abidə qarşısına qədər yürüş keçirlib. Yürüşdə bütün idarə, müəssisə və təşkilatların kollektivləri həmrəylik nümayiş etdiriblər. Abidə önünə tər çiçəklər düzülüb. Rayon mədəniyyət şöbəsinin əməkdaşlarının hazırladıqları “Xocalı harayı” meydan tamaşası böyük maraqla qarşılanıb. Tamaşada 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş verən dəhşətli hadisələr yüksək peşəkarlıqla təqdim olunub.
Milli.Az



