Sabah Avropa çempionatına yekun vurulacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Fransada təşkil olunan qitə birinciliyi final matçı ilə yekunlaşacaq.
31 gün davam edən sayca 15-ci turnirin həlledici qarşılaşmasında meydan sahibləri ilə Portuqaliya üz-üzə gələcəklər. Yubiley çempionatının qalibi olacaq komanda həm də tarixə düşmək imkanı qazanacaq.
Belə ki, Portuqaliya yığması qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcək. Bununla da pireneylilər Avropa çempionları sırasına daxil olacaqlar. İndiyədək buna 9 yığma nail olduğundan Fernandu Santuşun yetirmələri 10-cu Avropa çempionu olacaq.
Tarixində 2-ci dəfə finala yüksələn portuqaliyalılar 2004-cü ildə evdə Yunanıstana uduzmasının heyfini 12 il sonra meydan sahiblərini yenməklə çıxmış olacaqlar. Bu baş versə, 2008 və 2012-ci illərdə qonşu İspaniyanın əldə etdiyi kuboku Pireney yarımadasında saxlamış olacaq.
Yarımfinala qədər matçların əsas vaxtında qələbə qazana bilməyən, yalnız son oyunda Kriştianu Ronaldunun qol və məhsuldar ötürməsi ilə sevinən portuqaliyalıların kapitanı üçün də qələbənin dəyəri böyük olacaq. Bu, onun ilin sonunda "Qızıl top" qazanması üçün həlledici amillərdən ola bilər.
Fransa yığması indiyədək finalda uduzmayıb. 1984 və 2000-ci illərdə həlledici qarşılaşmalarda qələbə əldə edən "üçrənglilər" uğurunu təkrarlasa, rekorda şərik çıxacaq. Söhbət üçqat Avropa çempionluğundan gedir. Bunadək yalnız Almaniya və İspaniyanın reallaşdırdığını təkrarlamaq üçün Fransa doğma azarkeşləri önündə qələbə qazanmalıdır.
1984-cü ildə qitə, 1998-ci ildə dünya çempionatına ev sahibliyi edən fransalılar təşkilatçısı olduqları son yarışlarda qızıl medalı heç kimə güzəştə getməyiblər. Öz meydanında Avropanın ən yaxşısı olmağı bacaran üç komandadan biri olan Didye Deşamın yetirmələri 4-cü belə hadisəni reallaşdırmaq iddiasındadırlar. 1964-cü ildə İspaniya, 1968-ci ildə İtaliya, 1984-cü ildə Fransanın evdə saxladığı kuboku qazanan başqa meydan sahibi olmayıb.
Qarşılaşma Didye Deşamın da tarixə düşməsi ilə nəticələnə bilər. 2000-ci ildə futbolçu kimi Avropa çempionu olan mütəxəssis həm oyunçu, həm baş məşqçi kimi bu titula yiyələnən ikinci şəxs kimi tarixə düşməyə yaxındır. Bunu bacaran ilk mütəxəssis isə 6 il Azərbaycan yığmasını da çalışdıran Berti Foqtsdur. O, 1972-ci ildə futbolçu, 1996-cı ildə isə baş məşqçi kimi Almaniya yığması ilə qitənin ən yaxşısı olub.
Final matçı AÇ-2016-nın ən yaxşı bombardiri Antuan Qrizmannın Kriştianu Ronaldu ilə dueli olacaq. 6 qol vuran fransalının fərdi mükafatı əldən verməsi mümkünsüz görünür. Çünki həm Ronaldu, həm də onun komanda yoldaşı Luiş Naninin hesabında 3 qol var.
Fransa və Portuqaliya milliləri tarixdə 25-ci dəfə üz-üzə gələcəklər. Aşkar üstünlüyə malik meydan sahibləri son 10 qarşılaşmada qələbə qazanıblar. Avropa çempionu olduğu hər iki yarışın yarımfinalında əlavə vaxtda qalib gələn "üçrənglilər" uğurlu seriyaya davam, portuqaliyalılar isə son vermək niyyətindədirlər.
Avropa çempionatı
Final
10 iyul
23:00. Portuqaliya - Fransa
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Cek Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Ehtiyat yan xətt hakimi: Qyorgi Rinq (Macarıstan)
UEFA nümayəndələri: Yanis Mezekis (Latviya), Julien Olbert (Fransa)
Sen-Deni. "Stad de Frans"
Milli.Az