Heç vaxt unutmuram ki, hardan, necə yoxsulluqdan gəlmişəm, əziyyət çəkmişəm. Ona görə də istedadı olan gənclərə hər zaman dəstək oluram. Özümdən çox onların işini görürəm.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Zamiq Hüseynov "Star life" verilişinə açıqlamasında deyib.

O bildirib ki, yeni gələn ifaçılar onlara hörmət etmir:

"Baxıram ki, bəzi gənclər əziyyət çəkirlər, hər yerdə oxuyub pul qazanırlar, mahnı alırlar. Amma eləsi də var ki, çıxır Röyanın, mənim, Brilliant Dadaşovanın mahnısını oxuyurlar. Bizi görəndə özlərini elə aparırlar ki, elə bil biz onların mahnısını oğurlayırıq.

Mənə yaxşılıq da, pislik də edən yadımdadır, ömür boyu da unutmayacam. Vaxtında xətrimə dəyən xalq artistinə indi də münasibətim soyuqdur".

Z.Hüseynov qalmaqaldan uzaq olduğunu söyləyib:

"Kiminsə qəlbinə dəymədən, qalmaqal etmədən yaşamağa çalışıram. Oynamağı bacarmıram, kimdənsə xoşum gəlmirsə, bunu açıq bildirəcəm. Müğənniyəm deyə, bütün həmkarlarla ailəvi dost olmayacam ki...".

İfaçı son günlər tez-tez depressiyaya düşdüyünü deyib:

"Əvvəl heç depressiyaya düşmürdüm. Amma son günlər belə hallar tez-tez olur. Onda çalışıram bir neçə gün hamıdan uzaq qalım".

Milli.Az