Milli.Az virtualaz.org-a istinadən Məmməd Süleymanovun yazısını təqdim edir.
1962-ci ildə Sovet ekranlarına 97 dəqiqəlik "Qara qağayı" bədii filmi çıxır. Titrlərdə baş rolun ifaçısı kimi Ceyhun Camal göstərilir. Yaraşıqlı Pançita rolunu isə digər azərbaycanlı azyaşlı aktyor - Səidə Dadaşova ifa edir. "Lenfilm" kinostudiyasında 55 yaşlı rejissor və kinossenarist Qriqori Koltunov tərəfindən çəkilmiş "Qara qağayını" tamaşaçılara "macəra filmi" və "ailə filmi" kimi təqdim edirlər. Həmin filmlə də Sovet tamaşaçılarında Kubaya və onun İnqilabına uzunömürlü məhəbbət yaranır.
"Qara qağayı"dakı xəyalpərəst Manolo 15 yaşlı Ceyhun Mirzəyevin artıq kinoda üçüncü baş rolu idi. 10 yaşı olanda "Ögey ana"da, 13 yaşında isə "Matteo Falkone"də çəkilmişdi. Xüsusən, Prosper Merimenin eyniadlı novellası əsasında Tofiq Tağızadənin çəkdiyi "Matteo Falkone"dəki rolu ilə Ceyhun Sovet rejissorlarını heyrətə gətirir. Rolun psixoloji mürəkkəbliyi ilə aktyorun yaşı onların təsəvvüründə qətiyyən bir-birinə uyğun gəlmirdi. "Matteo Falkone" çox ağır filmdir, finalda ata düşmənlərə inqilabçının yerini göstərən oğlunu edam edir. Film bu səbəbdən də uzun illər ekranlardan yığışdırılır.

O ki qaldı rejissora, Qriqori Koltunov üçün "Qara qağayılar" onun debüt filmi idi. İndiyədək o, bir çox bədii filmlərin ssenarisini yazmışdı, o cümlədən, Azərbaycan neftçilərinin fəaliyyətindən bəhs edən "Bakının işıqları" filminin ssenari müəlliflərindən biriydi. 1950-ci ildə ərsəyə gələn həmin film Stalinin sağlığında ekranlara çıxmır (halbuki, mərkəzi personajlardan biri İosif Stalin idi və onun rolunu Mixail Gelovani oynayırdı. Bu fakt Stalinin şəxsiyyətə pərəstişi anlayışı ilə nədənsə uyuşmur). Filmdə Beriya da var (Nikolay Mordvinov), Mircəfər Bağırov da (Rza Təhmasib). Sonra Stalin vəfat edir, Beriya güllələnir və film ekranlara Beriyasız buraxılır. 1962-ci ildən isə Stalin də "yoxa çıxır".
Koltunovun ssenarisini yazdığı digər məşhur filmlərə Qriqori Çuxrayın "Qırx birinci"sini (1956-cı il. Kann kino festivalında xüsusi mükafata layiq görülür), ilk, bir seriyalı "Yaşıl furqon"u və Firdovsinin "Şahnamə"si əsəsında çəkilmiş trilogiyanı göstərmək olar. Ümumilikdə isə, o, uzun - 92 illik ömrü boyu yüzə qədər filmə ssenari yazır.
"Qara qağayı"da bütün dünyada böyük coşqu yaratmış Kuba İnqilabı uşaqların gözü ilə göstərilir. 1961-ci il - "Azadlıq adası"na hərbi müdaxilə, "Koçinos" ("Donuzlar") körrfəzinə ABŞ muzdluları ilə Batista tör-töküntülərinin hücum etdiyi ildir. Onun ardınca gələn SSRİ ilə ABŞ arasındakı "Raket qalmaqalı" Kubanın blokadası ilə nəticələnəcək və bu blokada 53-cü ildir davam edir.

"Qara qağayı"nı həm də Kuba İnqilabına həsr olunmuş ilk bədii film sayırlar. Bu, o qədər də dəqiq deyil - Fidelin və Çenin qələbəsindən ilk filmi dünya kinosunun ən uğurlu Robin Qudu və Don Kixotu - Errol Flinn çəkib. Həm də artıq 1959-cu ildə. Film "Kubanın qiyamçı qızları" adlanır, boş rolu Flinn öz rəfiqəsi, 16 yaşlı Beverli Aadlendə tapşırıb, ən effektiv epizod isə Fidelin "barbudo"larının Havanaya daxil olma epizodlarıdır. Üsyançıların tanklarından birinin lüləsində Beverli oturub.
Bu cəhətdən, Qriqori Koltunovun guya ki uşaqlar üçün çəkilmiş filmini "Kubanın qiyamçı qızları"nın heç də az cəlbedici olmayan variasiyası da saymaq olar. Üstəlik o, Kalatozovun "Göndərilməmiş məktub" kimi 1960-cı illərin şedevrinə və məşhur "Maksimka"ya ssenari yazmış Koltunovun faktik olaraq yeganə müəllif kinosudur. Və təsdiqləməliyik - "Qara qağayı"da da biz "altmışıncılar"a xas romatik, azad, eklektik kino görürük. Operator - nəhəng Dmitri Mesxiyevdir, rəssam - ondan az məşhur olmayan İsaak Kaplandır.
Filmin kulminasiya səhnəsində Manolo (Ceyhun Mirzəyev) cəsədlərlə dolu balıqçı gəmisini idarə edir, iki əclafın - Mərkəzi Kəşfiyyat İdarəsinin casuslarının pistoletlərinin lülələri ona tuşlanıb. Bu agentlərdən daha mənfuru özünü səyyar sirkin atıcısı kimi qələmə verən "Gilyelmo Tell"dir (yəni, "Vilhelm Tell"). Onun rolunu Azərbaycan kinosunun Müsyö Jordanı - Sergey Yurski oynayır. Bir tərəfdən, "Dəfinələr adası"ndakı sayaq sırf quldur romantikasıdır. Digər tərəfdən isə Ernest Heminqueyin "Olmaq, yoxsa olmamaq" romanının finalını xatırladır - orada qanı süzülən Henri Morqan ömrünün qalan hissəsini öldürdüyü başkəsənlərlə dolu gəmisində keçirir. Heminqueyin adını təsadüfən çəkmədik - filmin əvvəlində Manolo babası Manuel barəsində hansısa yankinin kitab yazdığını söyləyir. Sonra məlum olur ki, həmin yanki digər uşaqların babaları barəsində də kitab yazıb - hər kəs öz əcdadını öyür. Təbiidir, söhbət balıqçı qəsəbəsindən gedir və burada hər kəsin öz balıqçılıqla bağlı əfsanəsi, macərası, qeyri-adi epizodu var. Əfsanələr isə babadan nəvəyə və beləcə, sonrakı nəsillərə, hər dəfə də daha çox şişirdilərək ötürülür.
Şübhə doğurmur ki, həmin yankinin soyadı Heminqueydir, kitab isə "Qoca və dəniz" adlanır.

Dəniz sahilindəki balaca balıqçı qəsəbəsinə İnqilab gəlib. İnqilab - Azadlıqdır, təhlükələrlə müşayiət olunan sonsuz karnavaldır, "namuslu olmaq şansı"dır.
Manolonun anası ona Xose Martidən sitatlar gətirir: "Azadlıq - hər kəsə vicdanlı olmaq imkanı verməyin üsuludur... İstismarçı hakimiyyətə qarşı savaşmayan şəxs - insan deyil". Manolonun atası Fidellə çiyin-çiyinə vuruşub və Syerra-Maestrada həlak olub. Kənd özünümüdafiə dəstəsinin rəhbəri Ramonun böyük arzusu uşaqlar üçün "çoxlu, iki yüz kitabı olan kitabxana" təşkil etməkdir. Və bu ümumi entuziazm fonunda fantaziyaçı, xəyalların qanadında yaşayan Manolo öz ziyansız yalanlarını uydurur. Nə vaxtsa atası ona məsləhət görüb: hər dəfə danışmazdan əvvəl əlini dişlə, onda susacaqsan. Manolonun əlləri dişləm-dişləmdir, ancaq fantaziyası bundan istirahətə yollanmır. O, vaxtilə "Fidellə birlikdə vuruşub", hətta "12, yox, 13 batistaçını öldürüb", İnqilabın vüsəti yalnız ona sirayət etməyib - balaca oğlanlar üzlərinə qarğıdalı saçaqları sürtürlər, kimsə onları aldadıb ki, bu yolla üzlərinə tük çıxacaq. Sonra isə Fidel onları öz "saqqallılar" ordusuna qəbul edəcək və onlar İnqilabın əsgərləri olacaqlar. Fidel isə deyib ki, İnqilab birdəfəlik qələbə qazanmayana qədər saqqalını qırxmayacaq.

Gopçu Manolo onları aldadır: bəs Fidel çıxış edərək İnqilabın qalib gəldiyini söyləyib, bundan sonra saqqalları qırxmaq olar. Uşaqlar inanırlar, ancaq Ramonun üzündə saqqal görəndə, Manolonu əzişdirirlər.
Bu idilliyanı, bu xoşbəxt uşaqlıq dünyasının ahəngini Amerika təyyarələrinin atdığı bombalar (ən gözəl səhnələrdən biri: təyyarələrə meydan oxumaq üçün onlar sahillə aşağı hündürlükdən uçanda oğlanlar vedrə çalırlar, Pançita isə öz qızğın Kuba rəqsini ifa edir) və kənd cığırlarında kənd sakinlərinin qətlə yetirilməsi pozur. Uşaqlar vaxtından tez böyüyürlər, onlar "böyüklərin işinə qarışırlar". Qoca balıqçı Manoloya "Uşaqsan, burnunu hər yerə soxma" deyəndə, oğlan fikirləşir: "Deyirlər, biz uşaqlara dəxli yoxdur. Dəxli yoxdursa, niyə banditlər uşaqları da öldürür, təyyarələr uşaqları da bombalayır? Demək ki, dəxli var". Enynilə Sent-Ekzüperinin Balaca Şahzadəsinin məntiqini görürük.

Əvvəlcə Pançitanı öldürürlər. Sonra Manolonun anasını - axır ki partizan uniformasını müəllimə paltarına dəyişib ilk dərsinə gedən müəlliməni qətlə yetirirlər (onun rolunu yaraşıqlı Yuliya Sevela oynayır). Bundan sonra filmi "Qara qağayı" yox, "Uşaq və ölüm" adlandırmaq istəyirsən. Yəni, söhbət istənilən yeniyetmənin böyüməyində mühüm olan andan - onun ölümün reallığını dərk etməyindən gedir. Əvvəlcə ölüm onun üçün sadəcə abstraksiyadır, onun oyunlarının zəruri elementidir. Manolo hətta düşünür: "Dəniz ölə bilərmi?". Artıq o, qalaydan düzəldilmiş əsgərlərlə oynamır, o, İnqilab oyunu oynayır, burada isə savaş ölümünədir və ölüm realdır. Və indiyədək batistaçıları öldürdüyünü uydurub öyünən Manolo ilk dəfə insana - düşmənə güllə atıb qorxuya düşəndə sadəlövh baba soruşur: "Bu, yəqin sənin 14-cündür?". Bu söz oyunu ilə Koltunov özünün Çuxray üçün yazdığı ssenarisinə (yəni, "Qırx birinci"nin ssenari müəllifinə) ironiya edir. Oradakı rəqəm "qırmızı" snayper Maryutanın öldürdüyü "ağlar"ın sayını göstərirdi.
İlk dəfə açdığı atəşdən sonra Manolo öz qorxusunu hönkürməklə sublimasiya edir: "Qulaqlarım ağrayır!"

1980-cı illərin ortalarından "Qara qağayı" ekranlardan yığışdırılır. Bunun səbəbini rejissorun qızı Yelena Koltunova öz xatirələrində belə izah edir: Koltunov filmin (həm də "Şahnamə" trilogiyasının) daha göstərilməməyindən narahat olaraq birbaşa Kremlə, Mixail Qorbaçova məktub yazır. Günlərin birində Leninqraddakı mənzilə telefon zəngi gəlir: "Sizinlə Mixail Sergeyeviç danışmaq istəyir". Qorbaçov rejisoru tərifləyir, onun filmlərini Raisa Maksimovnanın da bəyəndiyini vurğulayır (Əlbət, onsuz olmazdı ki...), sonunda isə "sirr"i açır. Film ona görə göstərilmir ki, hazırda SSRİ Amerika ilə yaxınlaşır, əməkdaşlıq edir, münasibətlər düzəlib, odur ki, amerikalıları pis formada, mənfi obraz kimi göstərmək bundan sonra lazım deyil. Baho, sanki yankiləri yuyub-təmizləsən, onların bəşəri cinayətləri də yoxa çıxacaqmış.
Beləcə, siyasi bir kino...
Ceyhun Mirzəyevin bənzərsiz oyunu haqda ən mükəmməl rəyi isə sadəcə filmə baxmaq formalaşdıra bilər...
Milli.Az











