Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (87-ci say) təqdim edir.

Ruhiyə şok iddia, Anarın yumşaq sevgilisi, Sevda və Ruslan Abışov - HƏFTƏBECƏR

O gün Youtube-da Flora Kərimovanın mahnılarını axtarıram. Birdən qarşıma nə çıxsa yaxşıdı? Səməd Səmədovla duet oxuyubmuş. Əvvəlcə gözlərimə inanmadım. Flora xanım sənətkardı, əfsanədir, hətta deyərdim ki, kosmik səsdir. Səməd Səmədov isə ən yaxşı halda güclü masabəyi, sərpayi, tamada və ortabab ifaçıdır. Bu barədə sosial şəbəkədə yazdığım statusun bir cümləsini sizinlə də paylaşıram:

"Elə bilin ki, zapını qoşmusan Porşeyə. Porşe də zapını sürüyür ora-bura".

Müqayisəmə etirazı olan var?

Abbas Bağırov da günün günorta çağı vergi işçiləriylə düşmən olub. Deyib ki, toyuna getmədiyim üçün vergi işçisi mənə 30 min borc yazıb. Vergilər nazirinin müavini Sahib Ələkbərov da sənətçini borclu çıxarıb:

"Bu gün bir müğənni bizim haqqımızda böhtan yayıb. Amma bizdə olan faktlara görə, həmin şəxs 2004-2006-cı illərdə 0 manat, 2007-ci ildə 1 829 manat, 2008-ci ildə 2 979,5 manat, 2009-cu ildə 351,4 manat, 2010-2014-cü illərdə 0 manat və 2015-ci ildə 700 manat, bu il isə bir qədər sıxdıqdan sonra 2 098 manat vergi ödəyib".

Bu xəmirin unu çox qurudur. Ona görə də su götürmək ehtimalı da çoxdur. Yəni, qısası, bu xəmir hələ 1-2 sistern su aparacaq. Necə deyərlər, bərəkətli olsun.

Əslən Tovuz rayonundan olan Rusiya vətəndaşı Aynur Sadıqova müğənni Ruhi haqda mətbuata şok açıqlama verib. Deyib ki, Ruhi bir neçə il əvvəl Moskvadakı "Çertanovo" meyvə bazarında qarpız satırmış. Qarpız satmaq ayıb deyil e, həngamə hələ qabaqdadır. Sadıqova deyir ki, Ruhi ona oxşadığından adından istifadə edib bir neçə nəfərdən borca pul da alıb. Axırıncı dəfə aldığı iki min dollar borcu da Sadıqova məcburiyyətdən ödəyib. Babalı Aynur xanımın boynuna, amma qəliz işdir. Ruhi də deyib ki, bu, məhkəməlik işdir. Ardınca əlavə edib ki, həmyerlisinin dedikləri sifarişli böhtandır. İki qadın, ikisi də tovuzlu, tay-tuşdular, ən azı bir elin adamlarıdır... öz aramızdı, heç yaxşı iş olmadı bu çəkişmə.

Stilist Anar Ağakişiyevin sevgilisi varmış, xəbərim yoxmuş. Adnan Oktar demişkən, maşallah, sevgili də nə sevgili. Yerə vursan, yer ayrılar. Daş kimi möhkəm, pambıq kimi yumşaq, günəş kimi parlaq, ay kimi işıqlı. Bu saat Tiflisdədirlər, mən də sizə onların qeybətini eləyirəm. Valeh Kərimov demişkən, ayə, bə mən niyə partlamıram?

Ruslan Abışov neçə ildir ki, doğru-dürüst futbol oynamır. Amma oynayır. Müğənni Sevda Yəhyayevanın kliplərində. Gələcəkdə hansısa filmdə, yaxud tamaşada görsəm, təəccüb etmərəm. Bircə şeyə isə təəssüf edirəm. Abışov kimi istedadlı futbolçu 30 yaşı haqladı, futbolda çatdığı ən yüksək zirvə isə "Rubin"in ehtiyat oyunçular skamyası oldu.

Aktrisa-aparıcı Zümrüd Qasımovanın bu açıqlamasına həssas yanaşmamaq mümkün deyil:

"Ana ola bilmirdim. Bu yaxınlarda möcüzə nəticəsində hamilə olduğumu öyrəndim. Bu, doğrudan da, möcüzə idi. Amma mənim üçün uşaq dünyaya gətirmək ölüm demək idi. Çünki xərçəng olan şəxs övlad dünyaya gətirəndə bu xəstəlik daha da irəliləyir. Ana olmaq xəyalımla ömürlük vidalaşaraq əməliyyat olundum. Yaşamaq gözəldir. Bacımın övladları var. Onları öz balam kimi sevirəm".

Zümrüd xanım, bildiyim bircə həqiqət var. Allahın o qədər gözəl möcüzələri var ki. Kim bilir, sabah o övladı sizə sınağa çəkmədən verəcək bəlkə. Təki!

Könül Kərimova yenə keçmişdən, utancaqlığından, ərə getməyindən, toyda oxumağından, ərinin Qarabağda döyüşməyindən danışıb. Gündə üç dəfə oxuyuram. 94 kilodan 90 kiloya düşmüşəm. Könülün danışdıqlarının dəxli yoxdur, elə-belə arıqlamışam da.

Müğənni Emil Rəhmanov isə Azərbaycan musiqisinin qazancı və itkisidir. O, həbsxanada ikən bu yaxınlarda oğul övladı dünyaya gəlib. İnşallah, tezliklə sənətinə və övladına qovuşsun.

Milli.Az