"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı müğənni Ceyhun Əliyev olub.

Axşam.az-ın məlumatına görə, ifaçı onu tənqid edən əməkdar artist Elza Seyidcahana cavab verib.

O, E.Seyidcahana "Mənim mahnılarım "A-klass" müğənnilərin repertuarında yer alır" sözlərini deyib.

C.Əliyev Emma Ələkbərzadəni hit-paradın onuncu yerinə layiq görüb:

"Sevda Ələkbərzadə isə doqquzuncu olsun. Lalə Məmmədovanın yeni mahnısı gözəldir, səkkizinci olsun.

Natavan Həbibinin rus dilində oxuduğu mahnı elə-belədir. Yeddinci yerə qoyuram.

Əhməd Mustafayev altıncı, Çingiz Mustafayev isə beşinci yerdə qalsın".

C.Əliyev Zamiq Hüseynovun hit oxumadığını bildirib:

"Zamiq çalışqandır, dördüncü olsun. Amma "Sən necədə gözəlsən" kimi mahnısı artıq yoxdur.

Üçüncü Murad Arifi edirəm. Uğurlu duet ortağım Günay İbrahimli ikinci olsun. "Biri var orada" mahnısına klip də çəkdirsin".

C.Əliyev Nigar Camalın "Darıxanda ürəkdir" mahnısını birinci yerə layiq görüb. İfaçı onu da qeyd edib ki, klipi bəyənməyib.

Sənətçi əməkdar artist Manananı hit-paraddan uzaqlaşdırıb:

"Neçə illərdir hit mahnısı yoxdur. "Hamı gəzir yarısını" mahnısında qalıb. Nə vaxt onu təqdim etmişəm, "sağ ol" deməyib. Toyda kimi təqdim etmişəm, təşəkkür bildirib. Sənə borcum var? Deyir, "uşaqlar sağ olun". Mən uşağam? İndi heç yerdə görünmür də".

Milli.Az