Hesabatda “e-Hökumətin İnkişaf İndeksi” üzrə ölkələr ümumilikdə topladığı xala görə 4 qrup üzrə (çox yüksək, yüksək, orta, zəif) təsnifləşdirilib.
“e-Hökumət İnkişaf İndeksi” (EGDI) üzrə Azərbaycan “yüksək” EGDI ölkələr qrupuna daxil edilib. EGDI qrupunda dünya ölkələri arasında Böyük Britaniya liderlik edir.
Qeyd edək ki, əvvəlki hesabatda liderlik edən Cənubi Koreya bu hesabatda 3-cü yerdə mövqe tutub. “e-Hökumət İnkişaf İndeksi” üzrə 2-ci yerin sahibi Avstraliya olub.
Reytinq cədvəlində xeyli irəliləyən Azərbaycan MDB regionunda əvvəlki hesabatdakı 7-ci mövqeyindən 4-cü mövqeyə yüksəlib.
“e-Hökumət İnkişaf İndeksi”nin hesablanması zamanı 3 komponent əsas götürülür: onlayn xidmət sub-indeksi, telekommunikasiya infrastrukturu sub-indeksi, insan kapitalı sub-indeksi.
BMT-nin sözügedən hesabatında göstərilən ikinci əsas indeksi “e-İştirak İndeksi”dir (e-Participation). Azərbaycan bu göstəriciyə görə dünya ölkələri arasında 30 pillə irəliləyərək 77-ci yerdən 47-ci yerə yüksəlib.
Ölkə həm də bu göstərici üzrə MDB dövlətləri arasında əvvəlki 7-ci yerindən 2-ci yerə yüksəlib.
Həmçinin, məcmuədə “e-İştirak İndeksi” üzrə ən yaxşı performans göstərən Top-50 ölkə arasında Azərbaycanın adı qeyd edilib. Bu indeks üzrə meyarlar e-informasiya, e-məsləhət, e-qərarvermə alt göstəriciləri əsasında hesablanır.
Qeyd edək ki, hesabatın müvafiq qiymətləndirməsində “e-İştirak İndeksi” üzrə dünya ölkələri arasında Birləşmiş Krallıq liderlik edir. Digər 2-ci yer iki ölkə - Yaponiya və Avstraliya arasında bölüşür. Əvvəlki hesabatda birinci olan C.Koreya isə bu dəfə 4-cü yerdə qərarlaşıb.