Bu gün Bakıdakı "Hilton" hotelində Türkiyə universitetlərinə ödənişsiz qəbul günləri keçirilib. Türkiyənin özəl olan Bahçeşehir, TED, Beykent kimi nüfuzlu universitetləri də sərgidə iştirak edirlər.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Bahçeşehir Universitetinin Batumidəki filialının nümayəndəsi məlumat verdi ki, bu unicersitetə qəbul üçün orta təhsil haqqında attestat əsas şərtdir. IELTS imtahanından nəticə isə ən az 6,5 olmalıdır. IELTS sertifikatı olmayanlar universitetin daxili imtahanını verir və bu imtahandan müvəffəq qiymət almayanlar 1 il əlavə ingilis dili kursu keçməlidirlər. "Universitetdə təhsil haqqı illik 14900 dollardır. Güzəştli tələbələr isə 12900 dollar ödəniş etməlidirlər", - deyə o bildirdi.
Ankaranın TED Universiteti ilə bağlı informasiyanı isə təhsiul müəssisəsinin nümayəndəsi Gül Ece xanımdan aldıq: "Burada tədris ingiliscədir. TQDK-nın qəbul imtahanından balı 600-dən yuxarı olan tələbələr 70% güzəşt əldə edirlər. SAT imtahanı ilə isə qəbul daha rahatdır. 1600 mümkün baldan 1360 bal toplayan tələbələr üçün 85% burs imkanı var".
Türkiyənin Beykent Universitetinin nümayəndəsi isə əməkdaşımıza bildirdi: "Qəbul bir çox özəl universitetlər kimi attestatladır. YÖS imtahanı ilə də qəbul keçərlidir. Tələbələr seçdikləri fakültəyə əsasən daxili imtahan verirlər. İngilis dilindən imtahan keçirilir. İmtahandan yüksək nəticə ilə keçənlər birbaşa tədrisə başlayır. Lakin keçə bilməyənlər üçün 1 il əlavə ingilis dili hazırlıqları keçirilir. Hüquq fakültəsinin illik ödənişi 7500 dollardırsa, digər fakültələrin qiyməti isə dəyişir. Güzəştli qiymət isə 5950 dollardır".
Bir çox şəhərlərdə filialı olan Bahçeşehir Universitenin İstanbulun mərkəzində yerləşən filialının nümayəndəsi bildirdi: "Bakalavr səviyyəınə qəbul attestatladır. Hüquq fakültəsində dərslər türkcədir. Lakin digər fakültələrdə tədris yalnız ingiliscədir. IELTS diplomunu ən az 6,6 balla qəbul edirlər. Xarici dil imtahanı eynilə digər universitetlərdəki kimidir. Daxili imtahandan keçə bilməyənlər Şişlidə yerləşən korpusda 1 il əlavə xarici dil üzrə təhsil alırlar. Universitetdə tədris haqqı illik 7900 dollardır. Tibb fakültəsi isə 20000 dollardan başlayır".
"Magistr səviyyəsi üçünsə qiymət illik yox, paket şəklindədir. 3 illik ödəniş 12000 dollardır. İmtahanlarda kəsri olan və ortalama qiyməti aşağı olan tələbələr əlavə pul ödəyirlər", - Aynişan Quliyeva əlavə etdi.
Türkiyə universitetləri ilə maraqlanan abituriyentlər və tələbələr sərgidə daha çox gözə dəyirdilər. Keçən ay qəbul imtahanı vermiş Şəlalə Əsgərli deyir: "654 bal toplamışam. Tibb üzrə oxumaq istəyirəm. Lakin arzum Hacettepe Universitetində təhsil almaqdır. Çünki Azərbaycandakı tibb universitetinin səviyyəsinə güvənmirəm. Əgər Türkiyə alınmasa, Almaniyaya müraciət etməyi düşünürəm". Abituriyent Nəzrin Eyyubova da tibb fakültəsi sevdası ilə sərgiyə gələnlərdəndir: "Mən Eyyubova Nəzrin, 4-cü qrupa hazırlaşırdım. Keçən ay imtahan verib 656 bal toplamışam. Mən də Türkiyədəki tibb fakültəsinin səviyyəsini bizimkindən üstün tuturam. Arzum Hacettepe Universitetinə qəbul olmaqdır".
Milli.Az