Bakı Zooparkının qızmar yay günləri; buranı indi ərəb turistlər də ziyarət edirlər

Paytaxt əhalisinin və turistlərin ən çox axın etdiyi Bakı Zooparkı yay aylarında da fəaliyyətini davam etdirir. Nərimanov rayonu ərazində yerləşən heyvanat parkında istənilən növdə heyvanlara rast gəlmək olar.

Xatırladaq ki, Bakı heyvanat parkı 1942-ci ildə yanvarın 2-də yaradılıb. Heyvanat parkı nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni yerinə yetirir. Heyvanat parkında Azərbaycanın faunasına aid adi, nadir və nəsli kəsilməkdə olan heyvanlardan başqa, dünyanın müxtəlif iqlim qurşaqları üçün xas olan heyvanların genofondu toplanıb.

Milli.Az bildirir ki, yayın bu qızmar günlərində zooparkın durumu, oradakı heyvanların hansı şəraitdə saxlanılması ilə maraqlanmaq üçün musavat zooparka baş çəkib.

Zooparkın kassasının ətrafında az sayda ziyarətçi gözə dəyir. Qiymətlərə gəlincə, giriş qiyməti böyüklər üçün 1 manat 50 qəpik, balacalar üçün isə 1 manatdır. 3 yaşa qədər uşaqlar üçün isə pulsuzdur.

Havaların isti keçməsi Bakı Zooparkına gələnlərin sayının azalmasına səbəb olub. Buradakı heyvanlar da isti yay günlərində halsız görünür və yuvalarından belə çıxmırlar. Elə çəkiliş zamanı da əksər heyvanların kölgəyə çəkilib, Günəş şüalarından gizləndiyini gördük. Təbii ki, bu heyvanlar tamaşaya gələnlərdə maraq yaratmır və bu səbəbdən bir çoxları zooparka gəlməkdən imtina edir.

Bizimlə həmsöhbət olan Bakı Zooparkının direktoru Azər Hüseynov bunun səbəbini yay fəsli olması ilə əlaqələndirdi: "Zooparka gələnlər aprel, may aylarında, tətil qabağı çoxalır. Bu gün (dünən-red.) 38 dərəcə isti var. Təbii ki, heç kim bu vaxt heyvanlara baxmağa gəlməz. Diqqət edirsinizsə, heyvanlar öz yuvalarındadırlar, istidən çölə çıxmırlar. Xüsusən isti günlərdə onlara diqqət edirik, vaxtı-vaxtında sularını, yemlərini veririk. Çölə çıxmağa məcbur etmirik. Pələngin, yaquarın, xüsusən də su quşlarının hovuzları daim nəzarətdə saxlanır, vaxtında suyu dəyişdirilir".

Zoopark direktoru onu da qeyd etdi ki, heyvanların isti havada müxtəlif xəstəliklərə tutulmaması üçün profilaktiki tədbirlər aparılır: "Heyvanlar xəstələnən zaman özüm başda olmaqla, baytar həkimlərimizin köməyi ilə mütəmadi olaraq profilaktiki tədbirlər aparılır. Birələrə, gənələrə qarşı mübarizə aparılır. Rübdə bir dəfə məməlilərə, yırtıcılara qurd dərmanları verilir. Yırtıcıların quduzluğa qarşı peyvəndləmə işləri aparılır".
Azər Hüseynov zooparka yeni heyvanların gətirildiyini də vurğuladı: "Ötən il zooparka 1 metr 60 santimetr uzunluğunda iquana gətirildi. Bir vətəndaş evində saxladığı iquananı bizə hədiyyə verdi. Hər zooloji parkda belə bir nümunə yoxdur. Heydər Əliyev Fondu tərəfindən bizə köməklik olundu. İnsanların heyvanlarla ünsiyyəti və heyvanları yemləməsi üçün xüsusi yerlər quruldu. İquana üçün həm qış, həm də yay volyeri tikildi. Oxatan kirpilər üçün şüşələr dəyişdirildi. Zooparka gələn heyvanlar arasında quşlar da var. Kanada kazarkası yeni gətirilib. Ən son gətirilən isə iki baş ayı balasıdır".

Müsahibim qeyd etdi ki, heyvanlar yaşlanıb, əldən düşəndə belə onlara diqqət və qayğı göstərilir: "Zooloji parkdakı yaşlı heyvanlar son nəfəsinə kimi burada saxlanılır. Burada 28 yaşında dünyasını dəyişən Benqal pələngi var idi. O, pələng təbiətdə 12-15 il yaşayır. Onun dişləri tökülmüşdü və biz ona əti maşında çəkərək verirdik. Çətin olsa da, bu formada saxlaya bildik. Yəni heyvan əldən düşəndə də onu çıxarmırıq. Bizdə açıq qəfəsdə bir neçə heyvan dostcasına yaşayır. Gördüyünüz kimi keçi, dovşan, tısbağa, sincab, toyuq və hətta vəhşi quşlar da bir yerdə yaşayırlar. Bu müsbət haldır ki, digər yabanı heyvanlar da buraya toplaşır. Biz də onlara qidalanmaq üçün mümkün qədər şərait yaradırıq. Avstraliya keçisi, kamerun çəpişi, Azərbaycanın qırmızı kitaba salınan tısbağası, velikan böyük və adi dovşanlar bir-birilərinə uyğunlaşıb, onlara yaradılmış geniş və rahat bir yuvada gecələyirlər. Heyvanların qidalanmasına da diqqət edirik. Xüsusən də ətyeyən heyvanların ətləri alınarkən, sağlam və xəstə olub-olmaması yoxlanılır. Bizi ətlə təchiz edənlərdən ət müqavilə ilə alınır".

Direktor bu il zooparka gələnlər arasında turistlərin sayının artdığını da diqqətə çatdırdı: "Bu yay zooparka gələnlər əsasən xarici ölkələrdən gələnlərdir. Əksəriyyətinin ərəb olduğunu bilirik. Onlar heyvanat parkı haqqında bələdçilərin köməyi ilə öyrənirlər. Qiymətlər onlara da öz vətəndaşlarımıza olduğu kimidir".

Azər Hüseynov onu da bildirdi ki, zooparka gətirilən bəzi yeni heyvanlar xarici ölkələrdəki zooparklardan mübadilə yolu ilə alınır, yəni heyvanlar dəyişdirilir: "Tiflis zooparkına 1 nəcib maral və 10 soltan toyuğu verib, əvəzində yaquar, 5 meymun və lama aldıq. Azərbaycanda tutulan və ya yaralanan çox sayda heyvanlar da zooparka verilir. Flaminqo, leşyeyən qartal, səhra qartalı, ağbaş çərkəz, qu, qızılqaz, canavar, ayı - bu heyvanlar Bakı zooloji parkına təhvil verilir. Xəstə və yaxud yaralı şəkildə verilən heyvanlara yardım göstərib, zooparkda saxlayırıq".

Bəs görəsən, buraya gələn ziyarətçilər zooparkın durumundan razıdırlarmı? Bunu öyrənmək üçün zooparka gələn insanlarla həmsöhbət olduq.

Arif adlı şəxs zooparkın durumundan narazı olduğunu dilə gətirdi: "Mən özüm Rusiyadan yeni gəlmişəm. Heyvanlara da marağım çoxdur. Burada gördüklərim məni dəhşətə gətirdi. Diqqət edirsinizsə, hər tərəf zibillikdir. Rusiyadakı heyvanxanalarla müqayisə etsək, çoxsaylı qüsurların olduğunu görərik. Misal üçün, təmizlik işləri ön plana çəkilməlidir. Bayaq pələngin yaxınlığından keçdim, ətin iyindən durmaq olmur. Köhnə olduğu ilk baxışdan sezilir. Heyvanların qaldığı yerlər natəmiz vəziyyətdədir. Dəvələri qotur basıb, üfunət iyindən heyvanların qəfəslərinə yaxın durmaq olmur".

Xatırladaq ki, bu il Bakı Zooloji Parkında nəcib maral, canavar, dəvə və şir bir bala, kenquru isə 2 bala dünyaya gətirib.

Milli.Az

Avstraliya keçisi, Kamerun çəpişi, Azərbaycan tısbağası bir qəfəsdə - FOTOLAR
Avstraliya keçisi, Kamerun çəpişi, Azərbaycan tısbağası bir qəfəsdə - FOTOLAR
Avstraliya keçisi, Kamerun çəpişi, Azərbaycan tısbağası bir qəfəsdə - FOTOLAR
Avstraliya keçisi, Kamerun çəpişi, Azərbaycan tısbağası bir qəfəsdə - FOTOLAR