Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Olimpiada ilə bağlı fikirlərini paylaşıb. Fanat.Az xəbər verir ki, Fazil bəy bu dəfə Olimpiadada bütün türkdilli ölkələrin idmançılarının uğurlarına sevinməli olduğumuza dair çağırış edib:
"Dəyərli dostlar! Kimdəsə Olimpiadada uğurla çıxış edən türklərin siyahısı varmı? Bu siyahını xüsusi olaraq paylaşmaq yaxşı olmazmı? Azərbaycandan olan idmançılarımızla yanaşı, özbəklərin, qazaxların, Rusiya və İran adına çıxış edən türklərin, Anadolu türklərinin uğurlarına da birlikdə sevinməyimiz yerində olmazmı? Şəxsən mən dünən özbək boksçunun amerikalıya qalib gəlməsini məmnuniyyətlə izlədim.
İndi nə edək ki, təkcə ağır atletikaya 100 milyon manat xərclənib, bir nəfər də idmançımız olimpiadaya qatılmayıb. Elə bilək ki, o pulu qazağa, özbəyə, Qazaxıstan adına çıxış edən idmançımıza xərcləmişik. Bir də mediamızın informasiya yaymaq tərzi idmançılaımızın qızıl medal uğrunda mübarizəsinə əməlli-başlı mane olur. Yarımfinala yüksələn kimi dərhal yazırlar ki, Kamran Şahsuvarov ən azı bürünc medalı özünə təmin etdi. Yaxud da finala yüksələn kimi dərhal yazılır ki, gümüşü özünə təmin etdi. Bu informasıyanı oxuyan idmançı dərhal rahatlaşır ki, bürüncün, gümüşün nəyi pisdir ki?
Bu bizə bilirsiniz nəyi xatırladır? "Neftçi" komandasının 1966-cı ildə SSRİ çempionatında qazandığı bürünc mükafatı. Heç Braziliya öz beşqat dünya çempionluğundan bu qədər bəhs etmir ki, biz həmin bürüncdən hələ də bəhs edirik. Halbuki regional rəqabətdə həm "Dinamo" Tiflisin, həm də "Ararat"ın SSRİ çempionluğu bizim bürüncü çoxdan sıfırlamışdı. Üstəlik də ermənilər və gürcülər sırf milli heyətlə bu çempionluğu qazanmışlar, bizimsə bürüncümüzdə əməyi olan azərbaycanlı sayı bir-ikini keçmir. O bürünclə müqayisədə bu Olimpiadada xeyli irəliləyişimiz də gözdən qaçmamalıdır. Artıq yarışlara qatılan 48 idmançımızdan şükürlər olsun ki, 21-i özümüzdəndir. Hər olimpiadada bu sayı bir-iki nəfər də artırsaq, 50 il sonra tam milli komanda ilə çıxış etmənin mutluluğunu da yaşaya bilərik.
Sonda: İdmançılarımızı, yəni bütün Türk dövlətlərini, başqa ölkələri təmsil edən digər türkləri birlikdə dəstəkləyək, uğurlarına birlikdə sevinək".
Fanat.Az