Xalq artistinin gəlini: "Tək-tənha, çarəsiz qalmışam, özüm də onkoloji xəstəyəm" - FOTO

Xalq artistinin gəlini: "Tək-tənha, çarəsiz qalmışam, özüm də onkoloji xəstəyəm" - FOTO
11:47 13 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov insult keçirib. Məmməd Zeynalovun həyat yoldaşı, mərhum Eldəniz Zeynalovun gəlini İradə Zeynalova Milli.Az-a müsahibə verib. Müsahibəni sizə təqdim edirik.

- İradə xanım, həyat yoldaşınızın hazırda vəziyyəti necədir?

- Məmmədin hazırda vəziyyəti çox ağırdır, reanimasiyadadır. Həkimlər onun sağalması üçün əllərindən gələni edirlər. Amma yenə də ümidimiz Allahadır. Məmməd böyrək təzyiqindən xəstə yatır. Hipertoniyası var. Reanimasiyada olduğu üçün danışa da bilmir.

- Yanına sənət dostları və yaxud yaxınları gəlirlərmi?

- Bacısı, qardaşı və yaxınları gəlib-gedirlər. Amma onların da imkanı çox zəifdir, heç biri kömək edə bilmir. Ona kömək etməkdə acizik. Bəlkə də çoxları bilmir ki, Məmməd xəstədir, yoxsa ona kömək edərdilər. Müsahibəni verməkdə məqsədim budur ki, ona heç olmasa müəyyən miqdarda kömək edilsin.

- Bir neçə il bundan öncə yoldaşınız maddi çətinlik ucbatından verilişlərdən birinə getmişdi. Oradan da kömək görmədiniz?

- Xeyr, heç bir köməklik olunmadı. Hazırkı sosial verilişlər sırf reytinq üzərində qurulub. Yoldaşım vasitəsilə reytinq qazandılar, amma zərrə qədər də olsun köməklik etmədilər. Yenə də sağ olsunlar, şikayət etmirəm. Allah hər bir bəndəsini gec-tez mükafatlandıracaq.

- Qaynatanız rəhmətə gedərkən sizə nəsə miras qoymuşdu?

- Biz hazırda Eldəniz müəllimin vaxtilə yaşadığı evdə qalırıq. Bu ev də baxımsız, köhnə evdir. Maddi imkan olmadığından hələ də bir təmir edə bilmirik. Yoldaşımın teatrdan aldığı cüzi maaşa dolanırıq.

- Bəs siz işləmirsiz?

- Xeyr, mən özüm də onkoloji xəstəyəm, 55 manat pensiya alıram. Heç nəyə çatmır bu pul. Çarəsizlikdən bilmirəm nə edim. Mən ancaq oturaq yerdə işləyə bilərəm. Oturaq iş isə tapmaq çox çətindir.

- Əvvəldən yaşayışınız bu cür olub?

- Eldəniz müəllim sağ olanda vəziyyətləri yaxşı olub, sonradan zəifləyib.

- Xəstəliyi özünü nədə büruzə verirdi?

- Tez-tez böyrəkləri ağrıyırdı, həkimə gedirdik, hərə bir söz deyirdi. 6-7 aydır ki, müalicə alır. Amma görünür, özündə güc tapmadı.

- Məmmədlə tanışlığınız necə olub?

- Mən onunla 2010-cu ildə ailə həyatı qurmuşam. Biz evlənəndə Məmmədin nə anası, nə də atası vardı. Yetim bir uşaq idi. Tanışlığımız da internetdə olub. Təsadüf və qismətə çox inanıram.

- Bilirdinizmi xalq artistinin oğludur?

- Xeyr, bilmirdim. Amma həmişə xəyallarımda arzu edirdim ki, bu cür həyat yoldaşım olsun.

- Yəni necə?

- Tanınmış ailənin gəlini olmaq istəyirdim. İstəyirdim ki, yoldaşım incəsənət adamı olsun.

- Ailə həyatı qurarkən peşmanlıq yaşadınızmı?

- Xeyr, heç vaxt peşman olmamışam. Allah gələcəyimizi bundan da gözəl edəcək. Mən hər şeyin yaxşı olmasına inanıram.

- Neçə övladınız var?

- Övladımız yoxdur, yəqin, Allah bu cür yazıb. Çox arzu edirəm ki, Allah Məmmədi sağaldıb, ailəsinə qaytarsın. İkinci arzum isə övladımın olmasıdır. Övladım olsa, ona Eldəniz adını qoyacağam. Çox istərdim ki, xoşbəxt ailələrdən biri olaq.

Əli Rəhimoğlu

Milli.Az



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/478906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR