İki onillikdən artıqdır davam edən Dağlıq Qarabağ
münaqişəsi Cənubi Qafqazın “dəstəyi” hesab oluna bilər. Bu “dəstək”
kimin əlindədirsə, bölgə onun istəyinə uyğun dizayn ediləcək. Bunu
iki düşmən cəbhə - Rusiya və ABŞ yaxşı anlayır. Amerika rusların
“Axilles dabanı” olaraq gördüyü Cənubi Qafqazda lövbər atmaq üçün
əlləşir, ruslar isə səbirlə “Amerika gəmisi”nin altına sal qayalar
düzürlər.
Aprel müharibəsinə qədər “poker” oyununu xatırladan bu səbirli
mübarizə davam edirdi. “Dördgünlük müharibə” isə təkcə münaqişə
ətrafında hörülən daşları yerindən oynatmadı. Bu, bölgənin
reallığının dəyişməsi demək idi. Buna qədər ABŞ münaqişəni
“tərəflərin öhdəsinə buraxmaq” prinsipindən çıxış edir, Rusiya
illərdir yeritdiyi “dondurulmuş münaqişələr” ssenarisini israrla
tətbiq edirdi. Tərəflər illər sonra Vyanada bir araya gəldilər. Bu,
müharibədən çıxan qalibin (Azərbaycan) və məğlubun (Ermənistan) da
masada son kozırlarını oynaması idi. Artıq lokal müharibə, xüsusilə
Azərbaycan Ordusunun irəliləməsi maraqlardan tutmuş siyasi
lobbilərə qədər hər şeyi alt-üst etmişdi. Yaxud ən azından maraqlar
və lobbilər kənara qoyulmağa məcbur edilmişdi.
16 may Vyana: Amerika sakitliyi təmin etmək və
Donetskdə olduğu kimi “sülhməramlı” missiyasını oynayacaq atəşkəsə
nəzarət mexanizmini tətbiq etmək istəyirdi. Bu, münaqişənin hərbi
yolla həll edilməməsi, yəni gücün tətbiq olunmaması baxımından
Ermənistanın maraqlarına uyğun idi.
Rusiya ABŞ-ın “Donetsk planını” pozmaq və Abxaziya və Dnestryanıda
olduğu kimi Qarabağa sülhməramlılarını yerləşdirmək istəyirdi. Bu,
Azərbaycanın maraqlarına zidd idi.
Yaranmış qarışıq siyasi mənzərədə Bakı daha çox ehtiyatlı və
gözləmə mövqeyini nümayiş etdirdi. Həmin görüşdə “sabitliyin
bərpası və atəşkəsə nəzarət mexanizminin yaradılması” kimi ümumi və
Bakının lehinə olmayan bəyanat qəbul edildi. Lakin hər şey qabaqda
idi. Çünki nə Bakı buna imkan verəcəkdi, nə də Rusiya illərdir
əlində tutduğu bölgənin “dəstəyini” buraxmaq istəyirdi.
20 iyun Sankt-Peterburq: Bu dəfə nə Amerika, nə də
Fransa var idi. Bu dəfə oyunda sadəcə Putinin kartları oynanılırdı.
Və Neva sahillərində masaya rusların planları qoyulmuşdu. Putinin
iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin
görüşündən sonra səslənən bəyanatda “atəşkəsə nəzarət mexanizminin
tətbiqi” məsələsinin, yəni ABŞ-ın istədiyinin yer alması fikirləri
qarışdırdı. “Putin Amerikanın əlinə oynayır?” sualının cavabı az
sonra bəlli oldu. Məlum oldu ki, bu bəyanat sadəcə görüntü
xarakteri daşıyır və görüşdə ciddi razılıqlar əldə olunub. Novruz
Məmmədovun “Münaqişənin həlli “mərhələli həll” planına
uyğun həyata keçiriləcək. Bu plana görə, əvvəlcə 5 rayon
qaytarılır, daha sonra iki rayonun taleyinə baxılır. Dəhliz
məsələsi həll olunur, ardınca Dağlıq Qarabağın müvəqqəti statusu
müəyyənləşdirilir. Qaçqınların geri qayıdışı təmin olunur. Ən sonda
statusla bağlı referendum keçirilir” deyə rəsmi Bakının
mövqeyini açıqlaması da bunu sübut etdi. Bu bəyanatdan sonra
İrəvanın bütün təkziblərinə rəğmən hər şey olmasa da, çox şey artıq
həll olunmuşdu.
Amerika susurdu. Və Vyanada görüşündən sonra bir ay müddətində
qurulmalı olan atəşkəsə nəzarət mexanizmi unuduldu. ATƏT-i
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin “Təmas
xəttində atəşkəsə nəzarət mexanizminin quraşdırılması üçün lazım
olan vəsait yoxdur” açıqlaması da ABŞ və Rusiyanın münaqişənin
həllində Moskvanın hökmranlığı üzərində razılığa gəldiyi
versiyasını ortaya çıxartdı.
Vaşinqton və Moskva Suriya və Qarabağ məsələsində qarşılıqlı
güzəştə getmişdi. ABŞ Qarabağ məsələsinə müdaxilə etmir, Rusiya da
Suriyada ABŞ-ın maraqlarına toxunmur. Lakin bu razılaşma olduqca
“kövrək” idi. Nə Ağ Ev Cənubi Qafqazı Rusiyaya tamamilə tərk etmək,
nə də Kreml Suriyanı ABŞ-ın ağuşuna atmaq niyyətində idi. Razılaşma
sadəcə müvəqqəti idi və hər iki tərəf vaxt qazanmaq naminə buna
getmişdi. Bu vaxt xüsusilə Rusiyaya hava-su kimi vacib idi.
Çünki; Suriyada müharibəyə daxil olmuşdu və
Amerika hər-an ona qarşı ikinci cəbhəni açaraq qüvvələrini
parçalaya bilərdi. Rusların zəif ayağı olan Cənubi Qafqaz ən yaxşı
variant, Qarabağ kimi hər an partlamağa hazır münaqişə isə ən yaxşı
vasitədir.
Amerika da öz növbəsində Cənubi Qafqazda müvəqqəti güzəştə gedərək,
Suriyada itirdiyi xalları geri qaytarmağı düşünürdü. Çünki; Suriya Vaşinqton üçün Qarabağdan daha
önəmlidir. (Bu Vyana görüşündən 4 ay sonra dövlət katibi Con
Kerrinin bəyanatında daha aydın şəkildə görünəcəkdi).
Sankt-Peterburq görüşündən sonra danışıqlara süstlük çökdü. 15 iyul
tarixində Türkiyədə dövlət çevrilişinə cəhd gündəmi də dəyişdirdi.
Lakin danışıqlara birbaşa təsir edən məsələ iyulun 17-də İrəvanda
başlanan qiyam oldu. İki həftə davam edən qiyam Ermənistana müəyyən
mənada vaxt da qazandırdı. Daha doğrusu, Sarkisyana daxili problemi
həll edərək masada əyləşməsi üçün vaxt verilmişdi. Nəhayət, bu
problem də geridə qaldı və avqustun ilk ongünlüyündə Qarabağ
probleminin həllini də özündə birləşdirəcək regional proseslər
müşahidə edilməyə başlandı.
8 avqust: Vladimir Putin Azərbaycan torpaqlarına
səfərə gəldi. Prezident İlham Əliyev və Bakıda səfərdə olan İran
prezidenti Həsən Ruhani ilə görüşlər keçirdi. Kifayət qədər maraqlı
keçən görüşün məqsədi iqtisadi sferada Şimal-Cənub nəqliyyat
dəhlizinin müzakirəsi idisə, siyasi spektirdə regionun mənzərəsinin
dəyişdirilməsinin ilk addımları atılırdı.
Kreml regionda Azərbaycan, Türkiyə və İranın da
olduğu yeni birliyin mümkünlüyünü müzakirə masasına yatırmışdı. Bu,
Qərblə mübarizədə Rusiyaya çox lazımlıdır. Xüsusilə 15 iyul dövlət
çevrilişinə cəhdlə qarşılaşan Türkiyənin də dəstəyini almaqla Putin
yüzilliyin qələbəsinə imza ata bilərdi. Tehran üçün Suriya məsələsində müttəfiq olduğu
Rusiya ilə bir yerdə olmaq mümkün görünür. Tehran ABŞ-la nüvə
məsələsində anlaşan liberalların hakimiyyəti altında olsa da, bu
ölkədə ali dini liderin çətiri altındakı mühafizəkarların hələ də
söz sahibi olması Rusiyanın əlini gücləndirir. Lakin İran bu
məsələdə bir qədər gözləmə mövqeyində dayanır və qapıdan ən sonuncu
daxil olmaq istəyir. Bakı strateji müttəfiqi olan Türkiyə ilə Rusiyanın
əl tutuşmasından sonra bölgədəki geosiyasi dəyişikliklərdən
yanadır. Xüsusilə bu dəyişiklik ərazi bütövlüyü məsələsində onun
xeyrinədirsə...
9 avqust: Bakıdan ümidlə qayıdan Putin Neva
sahillərində bu dəfə köhnə və incimiş olduğu dostunu – Ərdoğanı
qəbul etdi. Hansı ki, bu görüş hələ iyun ayından planlaşdırılırdı.
Türkiyə Rusiya və İsraillə problemlərini kənara qoyaraq, Yaxın
Şərqdə, xüsusilə Suriyada ona qarşı tələlər quran “müttəfiqlərinə”
qarşı revanşa başlayırdı.