Tovuz rayonunda 800-ə yaxın müəllimin işdən çıxarılması ilə bağlı AzVision.az-ın redaksiyasına məlumat daxil olub.
Məlumatda işdən çıxarıldığını qeyd edən müəllimlər Misir
Mərdənovun təhsil naziri olduğu dövrdə müddətli və müddətsiz
müqavilələrlə işə düzəldiklərini, bunu müqabilində rayon təhsil
şöbəsinin müdirinə 5000 min manat məbləğində pul verdiklərini
bildiriblər. Onlar müqavilə müddətinin başa çatması əsas
gətirilərək işdən azad olunduqlarını vurğulayıblar.
AzVision.az müəllimlərin müraciəti ilə əlaqədar Tovuz Rayon Təhsil
Şöbəsinin müdiri Validə Hüseynovadan münasibət öyrənib.
Müəllimlərin işdən çıxarılması faktını təsdiqləyən Təhsil Şöbəsinin
müdiri bildirib ki, “təmizləmə əməliyyatı” təhsil naziri Mikayıl
Cabbarovun əmri ilə əlaqədardır.
“İmtahanlarda müəyyən bal toplayıb müddətli müqavilə ilə işləyən
müəllimlərlə bağlı təhsil nazirinin əmri var. Həmin əmrə əsasən,
imtahanlarda bal toplamayıb müddətli müqavilə bağlanan müəllimlər
avtomatik işdən çıxarılır. Digər müəllimlər məktəblərdə vakant yer
varsa və müəllimdən şikayət yoxdursa, işdə saxlanılır, digərləri
isə işdən azad olunurlar. Hansı məktəbdə vakant varsa, həmin
məktəblərdə işə düzəlmək istəyən müəllimlərlə həvəsləndirmə olan
yerlərdə minumim 40 bal, həvəsləndirmə olmayan yerdə minimum 30
balı olarsa, müqavilə bağlanılır”.
V.Hüseynova, həmçinin müddətsiz müqavilə ilə işləyən müəllimlərin
işdən çıxarılmasına da aydınlıq gətirib: “Müddətsiz müqavilə ilə
işləyənlər hansılar ki, 2 və ya 3-cü iş yerlərində müəllimlik
edirlər, onların işlərinə baxılır. Əgər məktəbdə vakansiya varsa,
şikayət yoxdursa, yerdə qalan müəllimlər işlə təmin olunur,
müddətsiz müqavilədə olan müəllimlərin 2 və ya 3-cü iş yerlərində
qalmasına razılıq verilir. Burada mənimlə bərabər 6 saylı
hesablaşma mərkəzinin rəisi Emin müəllim də bu işə qol çəkir. Tək
mənim qol çəkməyimlə məsələ həll olunmur”.
Təhsil şöbəsinin müdirinin sözlərinə görə, Tovuzda 87 sinif
bağlandığı üçün məktəblərdə müəllim sıxlığı yaranıb, müəllimlərin
dərs yükü 5-6 saata düşüb. “Ona görə də müddətli müqavilədə işləyən
müəllimlər işdən çıxarılır. Eləsi var ki, 13 ildir ikinci iş
yerində işləyirdi, avtomatik onu ordan çıxardılar. Həmin
məktəblərdə müəllimlərin dərs yükünü nizamlamaq lazım idi. Hazırda
rayon üzrə 103 nəfərin işinə baxılır. Onun içərisində 33 nəfər
imtahanla təsdiqlənənlərdir, onlardan 15-ni keçən şənbə günü
nazirlik çağırdı. Onlar müsabiqədən keçdilər və işlə təmin
olundular. Tədris ili ərzində hardasa vakant yer olarsa, həmin
müəllimlər ərizə verə bilərlər. Onlar ehtiyatdadırlar, ehtriyac
olarsa, işlə təmin olunacaqlar”.
Validə Hüseynova bildirb ki, müəllimlərdən işə düzəlməsi üçün 5 min
manat rüşvət alması xəbəri yalandır: “Bunlar həqiqətə uyğun deyil.
Burada bir manatın söhbəti belə gedə bilməz. İşdən çıxarılan
müəllimlərin əksəriyyəti keçid balını toplaya bilməyənlərdir. Onlar
saat hesabı işləyiblər, işlərinə xitam verilib. Savadlı
müəllimlərin heç biri şikayət etmir. Səs-küy salanlar imtahanda az
bal toplayanlardır”.