Azərbaycanda keçirilən "Mütəllim Oyunları": Nazirlik hara baxır?

Azərbaycanda keçirilən "Mütəllim Oyunları":   Nazirlik hara baxır?
14:37 21 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Noyabrın 23-27-də Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün vahid idman təqvim planına əsasən ağır atletika üzrə 2003-2004 təvəllüdlü idmançılar arasında Gəncədə yarış keçiriləcək.


Yarışlara Uşaq Gənclər və İdman Mərkəzləri, cəmiyyət, klub və Olimpiya idman komplekslərinin komandaları buraxılır. Yarışda iştirak edəcək komandaların heyəti 16 idmançı və 2 məşqçidən ibarət olmalıdır. İştirak edəcək çəki dərəcələri bunlardır: 26, 30, 34, 38, 42, 46, 50, 53, 56, 59, 62, 66, 69, 73, 77, 81 kq (hər çəkidə 1 nəfər olmaqla). Yarışlarda iştirak edəcək komandaların nəqliyyat və yolda yemək xərcləri ezam edən təşkilatın, digər xərclər isə nazirliyin hesabına ödəniləcək.


Sport7.Az bu yarışın keçirilməsində baş verən "maxinasiyalar" haqda məlumat əldə edib. Məsələ burasındadır ki, 12-13 yaşlılar arasında keçirilən yarışda 16 çəki dərəcəsində mübarizə aparılacaq. 13 yaşlı uşağın 60 kq çəki dərəcəsindən yuxarı olması çox nadir görünən hadisələrdəndir.


Üstəlik, beynəlxalq və yerli qaydalara görə, bu çəki dərəcələrindən yalnız 50, 56, 62, 69 və 77 kq qanunidir. Digər çəkilər isə əsasnamə qaydalarına görə keçirilə bilməz. Onda sual doğur. Bu çəki dərəcələrinin ora salınması kimə sərf edir?


Araşdırmamız əsasında müəyyən edə bilmişik ki, belə bir yarışlar nazirlikdə və Ağır Atletika Federasiyasında "Mütəllim Oyunları" kimi xarakterizə olunur. Bəs bu Mütəllim kimdir? Mütəllim Həsənov Gənclər və İdman Nazirliyində idman məktəbləri sektorunun müdiridir. Məhz məktəblilər arasında belə yarışların keçirilməsi onun təşəbbüsü ilə baş tutur. Mütəllim Həsənov belə yarışlardan kifayət qədər pul qazanır.


Nazirlər Kabinetinin qərarına əsasən Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində ezamiyyə xərclərinin 1 günlük norması 50 manat təşkil edir. 5 günlük yarış 1 idmançı üçün 250 manat edir.


Bu yarışın nizamnaməsindən isə belə başa düşmək olur ki, hər çəkidə 1 idmançının olması şərtdir. Bu isə o deməkdir ki, hər komandada 16 idmançı olacaq. 16 idmançının oteldə məskunlaşmaq xərci edir - 4000 manat. Üstəgəl, 2 məşqçinin bu 5 gün içərisində ezamiyyə xərci 500 manat təşkil edir. Deməli, hər komanda üçün nazirlik 4500 manat ezamiyyə xərci ödəməlidir. Komandaların sayının maksimum 10 olacağını nəzərə alsaq, bu rəqəm 45 minə gəlib çıxır! Mütəllim Həsənov yığılan hər komanda üçün məhz nazirlikdən 4500 manat ezamiyyə xərci alır.


Məsələ burasındadır ki, komandaların hamısı bütün çəki dərəcələrində təmsil olunmur. Məsələn, komanda 10 idmançı ilə iştirak edirsə, qalan idmançılara görə alınmış ezamiyyə xərcləri Mütəllim Həsənovun cibinə gedir. Hər komanda 16 yox, 10 idmançı ilə təmsil olunsa, Həsənov 1500 manat irəli düşür.


Əslində Həsənov bunun üçün bəzi komandalarla işbirliyinə də gedir. Belə ki, o, komandalarda ağır çəkili 12-13 yaşlı idmançıların olmadığını və ya olmasının qeyri-mümkünlüyünü anlayaraq bəzi uşaqları bu komandaların tərkibində göstərir. Bunun üçün onun işbirlikçisi də var. Bu yarışlara mütəmadi olaraq Oqtay Muxtarov adlı hakim təyinat alır. Halbuki həmin hakimin təyinatı Ağır Atletika Hakimlər Kollegiyası tərəfindən yox, məhz Mütəllim Həsənov tərəfindən təsdiqlənir. Bu hakim isə ağır atletikaya aidiyyəti olmayan uşaqların bu komandaların tərkibində göstərilməsinə dair qərar verir. Beləcə, rəsmi sənədlərdə bütün komandaların tam tərkiblə yarışlara qatıldığı görünür. Əslində isə hər şey göründüyü kimi deyil.


Qeyd edək ki, artıq nazirlikdə də Mütəllim Həsənovun bu kimi qanunsuz əməllərindən duyuq düşüblər. Hazırda onun işdən çıxarılması söhbəti belə gedir.


Sonda onu da bildirək ki, bu məsələ ilə bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycanda-keciriln-quotmutllim-oyunlarquot-t53519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR