Ronaldinyonun mətbuat konfransında biabırçı suallar...

Ronaldinyonun mətbuat konfransında biabırçı suallar...
13:27 22 Oktyabr 2016
992 İdman
Ölkə mətbuatı
A- A+

Aydın Bağırov: “O sualları idman jurnalistləri yox, əsasən şou-biznesdən yazan müxbirlər verib”

Elçin Cəlilov: “Gərək məişət mövzulu sualı da yaxşı tərtib edəsən ki, ikrah yaratmasın”

Məşhur futbolçu, milyonların sevimlisi olan Ronaldinyonun iştirakı ilə oktyabrın 20-də keçirilən mətbuat konfransı ciddi müzakirələrə səbəb oldu. Bu məsələdə əsas nüans heç şübhəsiz ki, konfrans zamanı verilən suallarla bağlıdır. Xüsusən konfransı kənardan izləyən qeyri-idman jurnalistləri həmkarlarını tənqid atəşinə tutdular. 

Onlar iddia etdilər ki, konfransda futbolçuya verilən “Bakıdan ev almaq istəyərdizmi” və ya “Siz anadan bu cür istedadlı doğulmusuz, yoxsa sonradan bu qabiliyyətləri qazanmısız” tipli suallar qeyri-peşəkarlıqdan irəli gəlir. Bundan başqa, konfransda qeyri-idman sahəsindən olan jurnalistlərin çoxluq təşkil etməsinin də bu naşı mühitə təsir göstərdiyi iddialar sırasında idi. 

Tədbirdə iştirak edən idman jurnalistləri isə durumu fərqli qiymətləndirib. “Yeni Müsavat”a açıqlamasında qol.az saytının redaktoru Aydın Bağırov bildirib ki, bəzən jurnalistlər arasında ayrı-seçkiliyə şahid olmaları təəssüfedici haldır. O, ictimai-siyasi mediadakı həmkarlarından bu məsələni şişirtməməyi xahiş edib:

“Kimin nə cür sual verməsindən asılı olmayaraq, söhbət ümumən jurnalistikamızdan gedir. Əgər pis bir şey varsa, bu, idman, şou-biznes, ya siyasi jurnalistikanın deyil, bütövlükdə jurnalistikamızın adına çıxılır. Amma bir halda ki, idman jurnalistlərinə qarşı belə haqsız basqılar var, o zaman bəzi məsələlərin üzə çıxması yaxşı olardı. Məsələ burasındadır ki, o tədbirdə iştirak edənlərin yarıdan çoxu idman jurnalistikasının təmsilçiləri olmayıb. 


Onların da əksəriyyəti peşəkar maraqdan daha çox, Ronaldinyo ilə şəkil çəkdirmək üçün tədbirə gəliblər. Verilən sualların bəziləri həqiqətən də qeyri-peşəkar suallar olub. İlk baxışda elə görünür ki, sırf idmanla bağlı tədbir olduğundan suallar da idman jurnalistləri tərəfindən verilib. Amma məndə olan məlumata görə, o sualları idman jurnalistləri yox, əsasən şou-biznesdən yazan müxbirlər verib. Ümumiyyətlə, futbolla bağlı mətbuat konfranslarında iştirak edən idman jurnalistlərinin suallarının əksəriyyəti peşəkar səviyyədə olur”.

A.Bağırov deyib ki, bu gün idman jurnalistlərini tənqid edən, onları lağa qoyan insanları bir gün soyuqda-çovğunda 90 dəqiqə stadionda açıq havada futbola baxmağa, sonra da mətbuat konfransına qatılıb dinməzcə o tədbiri izləməyə dəvət edir: “Çünki sual verəndə bugünkü kimi sonra aləm bir-birinə dəyir. Onda bizim idman jurnalistlərinin suallarının peşəkarlıq səviyyəsinin nə qədər yüksək olduğuna əmin olacaqlar”.

Futbolpress.az saytının redaktoru Elçin Cəlilov isə hesab edir ki, ümumiyyətlə, “peşəkar sual” meyarları məlum deyil. Onun sözlərinə görə, jurnalistikada güclü və ya zəif məsələsi fərdlərin zövqünün ümidinə qalıb: “Kiminçünsə ”sarı media" ən yaxşıdı, kiminçünsə bayağı mövzular işləyən və s. Qaldı ki, Ronaldinyonun konfransına, orda normal suallar da oldu, gülüşə səbəb olanlar da. Fikrimcə, sırf idman profilli jurnalistlətin olmamasına görə belə durum yaranmışdı. Ancaq elə idman tədbirlərində də idman jurnalistlərindən bəzən pis mənada təəccübləndirəcək suallar çıxır".


E.Cəlilov hesab edir ki, məişət tipli suallaradək mövzunun uzanmasına səbəb qonağın kimliyi idi: “Ronaldinyo bir futbol dahisidi. Onun hətta hansı ətirdən istifadə elədiyi, dişlərini gündə neçə dəfə fırçaladığı da digər insanlar kimi jurnalistlərə də maraqlıdır. Məsələ sualların keyfiyyətli qurulması və təqdimatındadı. Məişət mövzulu sualı da gərək yaxşı tərtib edəsən ki, ikrah yaratmasın”. 

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ronaldinyonun-mtbuat-konfransnda-biabrc-suallar-t53539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR