Azərbaycanda payız üçün anormal hal

Azərbaycanda payız üçün anormal hal
10:32 28 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda oktyabr ayında rütubətli havaların iki həftədən çox müşahidə edilməsi anormal haldır".

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

E.Əlizadə qeyd edib ki, iqlim göstəricilərinə görə, Azərbaycan ərazisində oktyabr ayında iki həftədən çox rütubətli dövrün müşahidə edilməsi baş verməməlidir:

"Respublikaya şimal-qərbdən daxil olan rütubətli hava kütləsi uzun müddətdir ki, ölkə ərazisində hakim mövqe tutub. Rütubətli hava kütləsi respublika ərazisinə daxil olduqdan sonra sabitləşib qalıb. Ona görə də əvvəllər nisbətən sabit olan sürüşmə ərazilərində də fəallaşmanın güclənməsi gözlənilir".

E.Əlizadə qeyd edib ki, sürüşmə sahələrinin fəallaşması həm də bu il ərzində rütubətli havaların belə uzun müddətli müşahidə edilməsinin nəticəsidir.

E.Əlizadə əlavə edib ki, rütubətli havaların belə uzun müddətli müşahidə edilməsinin nəticəsi olaraq, bu il çaylarda da gursululuq uzun müddət davam edir: "Əslində, payızın hazırkı dövründə dağ çaylarında su sərfinin nisbətən artması xarakterikdir. Amma çaylarda gursululuq belə uzun müddətli olmamalıdır. Çünki yağıntılar anormal çox düşüb. Yağıntıların davamiyyəti uzundur. Artıq iki həftədən çoxdur ki, yağıntılar düşür və bu, gələn həftə də davam edəcək".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR