Kişi axı niyə məşhurlaşmaq istəsin?

Kişi axı niyə məşhurlaşmaq istəsin?
11:42 10 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Gənc aktrisa özündən bir qədər təcrübəli aktrisadan uğurunun sirrini soruşur:

- Sirri anlaya bilmirəm. Axı sənin bizdən artıqlığın nədir ki, ən yaxşı rollar sənə verilir, ən yüksək maaşı da sən alırsan...

- Bilirsən, teatra gəldiyim ilk həftədəcə baş rejissorla vestibüldə sevişdik. Elə o gündən mənim qapılarım baş rejissora, teatrın qapıları isə mənə açıqdır.

- A bacı, orasını bildim. Vestibül nədi, mən ölüm?

Tanınmaq, uğur qazanmaq hamının istəyidir. Bir reklam sloqanındakı kimi - doymaq hamının istəyidir. Əksini deyən adamlar isə, sadəcə, saxtakar və ikiüzlüdür. Maddi gəliri tanınmaqdan keçən bütün ixtisas sahibləri məşhurlaşmaq istəyir.

Yazıçı məşhurlaşır, kitabı satılır. Müğənni tanınır, toy sifarişləri çoxalır. Həkimin pasienti, müəllimin repetitorluq etdiyi abituriyenti...

Bəs jurnalist niyə məşhurlaşmaq üçün can versin? Köşə yazısını oxuyan yoxdur, xəbəri desən, hamı yazır.

Məsələn, hazırda oxuduğunuz yazının oxunma sayı mənim həyatımda hər hansı bir dəyişikliyə səbəb olmayacaq, möhtərəm və mötəbər redaktorlar qonorarımı artırmayacaq. Azərbaycanda jurnalist kimi simanın tanınmağı girovsuz kredit götürməkdən başqa heç nəyə yaramır. Bu da ancaq bankın xeyrinədir. Gecikmə vaxtı kredit götürəni tapmaq asan olur.

Kişilərin gəlirləri artdıqca yanlarında gəzdirdikləri qadının maksimum məşhur olmağını istəyirlər. Bunu televizorla cinsi münasibətə girmək kimi də qiymətləndirmək olar. Dünyadakı milyonçuların çoxunun arvadı ya keçmiş model, ya aktrisadır. Buna səbəb bəlkə də biznes maraqlarıdır. Və yaxud da ki, pullu kişilərin bahalı markalara meyilli olmasıdır. Həm də ömrü-günü bahalı klublarda keçən adamlar, yəqin ki, orada ibtidai sinif müəllimləri ilə rastlaşmır. Odur ki, Donald Tramp da "Playboy" gözəlini yanına salıb, birinci xanım kimi gəzdirəcək.

Qadın jurnalist və ya yazıçısınızsa, Elif Şafak kimi əli bütün pullu qurumlara girən Eyüp Can kimi bir kişi tapıb ərə gedə bilərsiniz.

Bəs kişi jurnalist? Kişi jurnalist niyə tanınmaq istəsin?! Həm də Azərbaycanda. Sosial statusundan asılı olmayaraq nəfəs alanda belə pul düşünən azərbaycanlı qadın niyə jurnalist kişiyə ərə getsin? Tutaq ki, məşhurdur. Gözümüz aydın. Lap gəliri də çoxdur. Yenə də gözümüz aydın. Necə deyərlər, kişidir, amma qartal deyil.

Azərbaycanlı qadın bir dəstə qərənfilə, iki dəfə restorana dəvətə aldanan ukraynalı deyil. Azərbaycanlı qadına gələcək söz verməlisən. Bu gələcək təkcə evlilik deyil. Sən həm də əsəblərini, canını, qanını və azadlığını söz verirsən. Azərbaycanlı qadın şəxsi həyat anlayışı olan avropalı deyil. Xətrinə dəysəniz, bütün nəsli ilə qarşılaşacaqsınız. Bircə gün arzuladığı paltarın alınmağı geciksə, gözündə cılızlaşıb, qarışqaya dönəcəksiniz. Azərbaycanlı qadını kişinin küçədə barmaqla göstərilməyi ilə aldada bilməzsiniz. Lap beş-altı qız-gəlin başınıza toplaşıb, sizinlə şəkil də çəkdirdi. Sonra da arvadınızı qoltuğunuza vurub, ucuz dönərxanaya getdiniz. Uzaqbaşı özünüzü boynunda bəzəkli zəncir olan meymun kimi hiss edəcəksiniz. Sizinlə şəkil çəkdirəcəklər, sonra da sahibiniz sizi ət verilən tərəfə aparacaq. Heç olmasa, meymunla şəkil çəkdirdiyinə görə sahibi pul qazanır. Bu situasiyada isə sahibə ancaq vaxt itirir.

Çox uzağa getməyək, götürək elə Yaponiyanı. Yox, səhv elədim. Bu ifadə bizim xeyli məşhur kişi jurnalistə aiddir. Belədə Yaponiya siz deyən yaxın deyil. Yaxın olan Rusiya və Türkiyədir. Türkiyədə Emin Çölaşanı, Uğur Dündarı və.s -ni hamı tanıyır. Rusiyada isə Zaxar Prilepin və Pozneri uşaqdan-böyüyə hamı sevir. Məsələ burasındadır ki, adını çəkdiyim kişilər həm də yaxşı jurnalistdir. Və bizim məşhurlaşmaq üçün yanan kişi jurnalistlərdən fərqli olaraq yazı yaza bilirlər, gözəl danışa bilirlər. Efirdə kənd ləhçəsində danışmırlar, yazı yazanda məşhurların aforizmlərini öz adlarına çıxmırlar. Məşhurluqlarına görə oxunmurlar, oxunduqlarına görə məşhurdurlar. Eyni zamanda Zaxar Prilepin həm də yaraşıqlıdır. Efir, sayt gözəllik sevir. Oxucunu, tamaşaçını vizuallıq idarə edir. Təəssüf ki, bəxtimiz burada da gətirməyib. Efirdən, köşə yazılarından əyri-üyrü, qıllı-tüklü kişi simaları boylanır.

Deyilənə görə, günü-gündən yerli mətbuatımız inkişaf edir. Yazarların, jurnalistlərin sayı çoxalır. Məktəblərdə kişi müəllim tapılmır. Buna səbəb isə müəllim maaşının azlığı göstərilir. Jurnalistin maaşı ofisiantın maaşından elə fərqlənməsə də, bu sahəyə axın edən öz ixtisasında uğursuz kişilərin sayı çoxalmaqdadır. Məşhurlaşmaq istəyirlər. Sonra bu məşhurluqla fəxr etmək istəyirlər. İstəyirlər ki, kənddə sağıcı, şəhərdə baxıcı onları tanısın. Gün o gün olsun ki,  "vestibül" kəlməsinin mənasını da öyrənsinlər.

Günay Arda
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR