Bakıda ali təhsil müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyətinə həsr olunmuş beynəlxalq seminar keçirilib

Bakıda ali təhsil müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyətinə həsr olunmuş beynəlxalq seminar keçirilib
12:32 14 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminar keçirilib.
"Report" xəbər verir ki, seminar Müəllif Hüquqları Agentliyi (MHA), Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə baş tutub.
MHA-nın direktoru Kamran İmanov bildirib ki, hazırda əqli mülkiyyət fenomeni nəzərəçarpan dərəcədə inkişaf edib: "Bu gün dünyada onun fəaliyyət dairəsi yarandığı vaxtdan prinsipial olaraq fərqlənir. Nəticədə həm iqtisadiyyatda, həm də cəmiyyətdə əqli mülkiyyətin yeri dəyişərək onu biliklərə əsaslanan iqtisadiyyatın dominantına, rəqəmsal cəmiyyətin vacib alətinə və mədəni irsin təhlükəsizliyinin təminatçısına çevirib. Əqli mülkiyyətin yaradılması mərhələsi onun istifadəsi və yayılması mərhələləri ilə zəncirvarı bağlıdır. Çünki biliklər yaranır, toplanır, cəmiyyətə istifadəyə verilir və yayılır. Lakin keçidi təmin etmək üçün əqli fəaliyyət nəticələri kommersiyalaşmalı, yəni texnologiyalar universitetdən (tədqiqat institutundan) sənayeyə çatdırılmalıdır. Universitetlər yalnız bilik yaradıcıları və biliklərin toplayıcıları, cəmiyyətə təhsilli tələbə və mütəxəssislər, elmi əsərlərdə və konfrans-diskussiyalarda bilikləri cəmiyyətə transfer edənlər deyil, üstəlik, kommersiyalaşmış texnologiyaları çatdıranlardır. Bu səbəbdən universitetlərin və elmi-tədqiqat institutlarının rəsmi hüquqi mövqeyi olmalı, əqli mülkiyyət siyasəti formalaşdırılmalı və bununla əqli mülkiyyət universitetin strateji resursuna çevrilməlidir".
Təhsil naziri Mikayıl Cabbarov isə vurğulayıb ki, bu gün ali təhsil müəssisələrindən əsas gözləntilər elm və bilik məbədi kimi fəaliyyət göstərməklə kifayətlənmir: "Onlar həm də yaradılan bilik və texnologiyaları tətbiq etməklə iqtisadi artım mərkəzlərinə sürətlə çevrilirlər. Elmi bilik tətbiq edilmədən yalnız məhdud bilik əldə olunur. Bununla da cəmiyyətin sosial sifarişi tam həcmdə yerinə yetirilmir".
Tədbir mövzu ətrafında məruzələrlə davam edib.










Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bakida-ali-tehsil-muessiselerinde-eqli-mulkiyyet-siyaseti

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR