"Çətin mövzular buraxılış imtahanlarının proqramından çıxarılıb" - DİM sədri

"Çətin mövzular buraxılış imtahanlarının proqramından çıxarılıb" - DİM sədri
13:49 30 Noyabr 2016
253 Digər
Ölkə mətbuatı
A- A+

 

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

 

DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda DİM saytının strukturunun müzakirəsi, “Abituriyent” jurnalının xüsusi buraxılışının təqdim edilməsi, ləğvetmə komissiyasının iş planı və digər cari məsələlər müzakirə edilib.

 

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DİM-in saytı barədə danışaraq qeyd edib ki, onun strukturu TQDK-nın və DQMK-nın saytlarının strukturundan fərqli qurularaq, geniş istifadəçi auditoriyası üçün (məktəblidən başlayaraq dövlət qulluğuna işə qəbul olmaq istəyən namizədə qədər) nəzərdə tutulub.  Sayt TQDK-nın mütəxəssisləri tərəfindən işlənib hazırlanıb.

Sədr “Abituriyent” jurnalının təzəlikcə işıq üzü gördüyü xüsusi buraxılışının ümumi (9-illik) orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modelinə həsr olunduğunu qeyd edib. O bildirib ki, əhalinin xüsusi marağına səbəb olan yeni qaydalar hüquqi prosedurlardan keçmədiyinə görə model şəklində verilib. Bundan başqa jurnalda fənlər üzrə altstandartlar, proqramlar, test tapşırığı nümunələri və cavab vərəqi nümunələri də verilib.

 

İclasda qeyd olunub ki, imtahanda istifadə olunacaq altstandartlar seçilərkən, 2013-cü ildən keçirilən monitorinq imtahanlarının nəticələri nəzərə alınıb, belə ki, şagirdlərin əksəriyyətinin mənfi nəticə göstərdiyi altstandartlar, çətin mövzular buraxılış imtahanının proqramından çıxarılıb.

 

Sonra iclas iştirakçılarının nəzərinə cari il noyabrın 10-da yaradılmış Ləğvetmə komissiyasının iş planı təqdim edilib. Komissiyanın fəaliyyəti dövründə ləğv edilən TQDK və DQMK-nın vəzifə və funksiyalarının yerinə yetirilməsinin və cari işlərin həyata keçirilməsinin zəruri olduğunu bildirilib.  Ləğvetmə komissiyasının işinin təşkili üçün həyata keçirilməli olan tədbirlər və ona həvalə olunmuş vəzifələr bərədə, həmçinin bununla əlaqədar ləğvetmə komissiyası üzvləri arasında vəzifə bölgüsü aparılmasının vacib olduğunu qeyd olunub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261027

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR