Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının (TCMB) açıqladığı statistikaya görə, son bir həftədə valyuta ehtiyatları 2,2% azalaraq 99,035 mlrd. dollara düşüb. Bu da korporativ sektorun xarici borcundan 2 dəfə çoxdur.
Xatırladaq ki, inkişaf etməkdə olan ölkələr, xüsusən də son zamanlar kredit reytinqi beynəlxalq reytinq agentlikləri tərəfindən azaldılan Türkiyə artıq daha çətin şərtlərlə və yüksək faizlə borc götürmək və köhnə borcunu ödəmək məcburiyyətindədir. Bundan əlavə, Türkiyədə olan "isti pullar", yəni maliyyə bazarlarında olan vəsait də ölkəni tərk etməyə davam edir. Belə ki, son bir ayda Türkiyənin maliyyə bazarlarından 2,7 mlrd. dollara yaxın xarici kapital ölkəni tərk edib. Bu vəsait istər istiqraz bazarından, istər fond birjalarından, istərsə də özəl korporativ istiqrazlardan çıxmağa davam edir. Bu amillərə həmçinin Türkiyənin büdcə kəsiri və tədiyyə balansının kəsiri əlavə olunduqda dolların artmaması üçün heç bir səbəb qalmır.
"Report"un analitik qrupu dolların növbəti dəfə artaraq 3.70 TRY/USD-yə yaxınlaşacağını və bu zaman TCMB-nin faizləri artırmağa məcbur qalacağını ehtimal edir. Lakin, uzun müddətdə bu, həll yolu olmayacaq və dolların bahalaşması davam edəcək. Ümumiyyətlə, Türkiyədə dolların məzənnəsi ortalama olaraq illik 15% artır. Qısa müddətdə isə məzənnənin 3,45 TRY/USD-yə enməsi istisna edilmir.