Xalq artisti, tanınmış aktyor Yasin Qarayevlə uzun illər çalışdığı Gənc Tamaşaçılar Teatrında - balaca hücrəsində görüşdük. Əvvəlcə mənə kofe hazırlayan aktyor söhbətə başlamamışdan öncə jurnalistlərdən bir balaca gileyləndi: "Bəzi təzə yazan jurnalistlər var, ağızlarını açan kimi bu sualı verirlər: yenidən aktyor olmaq istərdinizmi? Yaxud da, bu sənətə gəldiyinizə görə peşman deyilsiniz ki? İnanın onda elə bil başıma bir qazan qaynar su tökürlər..."
"Hə, qızım sənə deyirəm, gəlinim sən eşit". Baxmayaraq ki, Yasin Qarayevin təbirincə desəm, "təzə yazan" jurnalistlərdən deyildim, amma necə deyərlər, bir balaca boğazım qurudu. Amma illərin sənətkarı tədarükünü görmüşdü. Boğazımı kofe ilə yaşlayıb, söhbətə körpü saldıq.
- Aktyor var ki, bir obrazın möhürünü vurur və ömrüboyu həmin obrazla tanınır. Hansı ki, digər rolları bəlkə də həmin obrazın kölgəsində qalır. Siz necə, fərq qoyursunuzmu yaratdığınız obrazlara?
- Hətta uşaqlarına fərq qoymayan ananın belə bəzən onların içərisində daha çox əzizlədiyi bir övladı olur. Görürsən ki, yeməyin ən yaxşısını, yağlı yerini ona çəkir. Aktyor da elədir. Fərqləndirdiyi və özünü daha rahat hiss etdiyi, kökləndiyi rolları olur. Aktyor var ki, Hamleti, Otellonu elə gözəl oynayıb, hansı ki, ömrüboyu başqa rol oynamasa da, həmin rolla tanınacaqdı.
- Sizə rahatlıq gətirən hansı rolunuzun adını çəkərdiniz?
- Məsələn, bu teatrın səhnəsində İsi Məlikzadənin "Gəl qohum olaq" tamaşasında düz on səkkiz il Qarakişi rolunda oynamışam. Qarakişi rolunu çox sevmişəm.
- Bu tamaşanın film variantı da, deyəsən, çəkilib?
- Bəli, onu da mən eləmişəm. İsi Məlikzadənin arzusuydu ki, bu tamaşanın ekran versiyası çəkilsin. Amma mən orada Qarakişini oynamadım. Çünki artıq yaş o yaş deyildi. Rafael İsgəndərov oynadı Qarakişi rolunda, amma mən onun dostunu canlandırdım.
- Rəhmətlik Həsən Məmmədovdan bir dəfə soruşmuşdum ki, hansı rolunuzu daha çox sevirsiniz, demişdi ki, "Böyük dayaq" filmindəki Qaraşı. Səbəbini soruşanda demişdi ki, Qaraşın paltarını əynimə geyinən kimi, sanki, özüm oldum. Sizin necə, özünüzü oynadığınız rolunuz varmı?
- Elə Qarakişi ilə özüm arasında bənzərlik olduğundan bu rola çox bağlıyam. Onun sadəlovlüyü, kənd uşağı olması ruhuma yaxın idi. Bakıya gələnə qədər mən bu həyatı elə kənddə yaşamışdım. Buna görə də səhnəyə çıxan kimi olurdum Qarakişi. Yadımdadır ki, bizim teatr o vaxtlar təmirə bağlanmışdı, "26-lar" adına sarayda bu tamaşanı oynayırdıq. Bir dəfə bu tamaşanı oynayanda hiss elədim ki, başım firlanır, həyəcan yaşadım və dedim, Allahım məni xilas elə, çünki hamının gözü qarşısında yıxıla bilərdim. Səhnə arxasına keçdim, üzümə su vurdum, sonra özümə gəldim. Kurs rəhbərim Rza Təhmasibin bir sözü vardı, deyirdi aktyor gərək səhnədə tarazlığını saxlaya bilsin. Həm oynayasan, həm də tarazlığını saxlayasan. O hesab edirdi ki, bunu bacarmamaq qeyri-peşəkarlıqdı. Məsələn, dəli səhnəsini oynayırsansa, tamamən dəli olmamalısan. Mən orada rola necə girmişəmsə, özümü unutmuşam. Ürəyim də gedə bilərdi orada.
- Heç ürəyiniz istəmədən, məcburiyyət qarşısında hansısa rolu oynamısınız?
- Olub. Bir dövr vardı, sex müdirinin yazdıqları gəlib səhnəyə ayaq açırdı. Mənə deyirdilər ki, gəl bu tamaşada oyna. Mən də oynamaq istəmirdim. Onda da olurdum pis adam.
- Yəqin ki, istedadlı aktyor kimi zaman-zaman sizin də qarşınıza sədd çəkən insanlar olub.
- O qədər...
- Adam var ona pislik edən insanlarla mücadilə edir. Bəs sizin elə insanlara qarşı reaksiyanız necə olub?
- Böyüdüyüm mühit, ətrafım, aldığım tərbiyə imkan verməyib ki, elələrinə qarşı sərt olum. Bağışlamağı bacarmışam. Binamus işləri bağışlaya bilmərəm, amma adi münaqişələri bağışlayıram. Kimsə qəlbimə dəyə bilər, inciyirəm, amma özümü təqsirləndirirəm ki, gərək heç onunla dostluq etməyəydim, ona bu şəraiti yaratmayaydım.
- Heç səhnə fəaliyyətinizə uzun illər fasilə verdiyiniz vaxtlar olub?
- İşlədiyim bu teatrda mənə on ildən artıq bir vaxtda rol vermədilər. İndi həmin adam dünyasını dəyişib, buna görə ad çəkmək istəmirəm. Həmin vaxt Azərbaycan Dövlət Televiziyasında televiziya tamaşalarında oynadım, meylimi ora saldım. Elə xalq artisti fəxri adını da daha çox orada oynadığım televiziya tamaşalarındakı rollarıma görə aldım.
- Demək ki, sizə pislik etdiyini düşünən adam, əslində, sizə yaxşılıq edibmiş?
- And olsun Allaha, o sağ ikən mən həmişə deyirdim ki, Allah onun ölənlərinə rəhmət eləsin, o olmasaydı, mən belə tanınmayacaqdım.
- Dünyasını dəyişəndə barı, sizdən halallıq istədi?
- Yox, onun əqidəsi eləydi. İstəməzdim bu barədə danışaq.
- Yasin müəllim, adətən bir çox aktyorlar Akademik Milli Dram Teatrında işləməyə can atır. Heç sizin belə arzunuz olub?
- İnanın ki, heç vaxt mən buna can atmamışam. Həsənağa Turabov deyirdi gəl bizim teatrda işlə. Getməmişəm. Rəhmətlik Siyavuş Aslan da bir dəfə mənə dedi ki, gəl bizim teatra. Mən ona zarafatla qayıtdım ki, nə vaxt orada direktor olsan, gələrəm. Bir gün mənə dedi ki, yığış gəl, artıq orada rəhbər mənəm. İnandım, sənədlərimi hazırladım və getdim. Sonradan öyrəndim ki, həmin vaxt Hacıbaba Bağırovla aralarında söz-söhbət yaranıb və gedib "Azdrama"ya işləməyə. Qayıtdım gəldim yenə öz doğma teatrımıza. Bir dəfə də Əliqismət Lalayev məni həmin teatra dəvət elədi, razı olmadım. 40 ildir mən o teatrda işləiyrəm orada fəxri adlar almışam, oranın sayəsində tanınmışam, adama sual verərlər ki, nəyə gedirsən? Mən artıq bütün uğurlarıma o teatrda çatmışam. Məhz o teatrda əlimdən tutub yeriməyi öyrədən müəllimim Hüseynağa Sadıqov olub.
- Böyük aktyor, sevilən aktyor, şanslı aktyor - hansını özünüzə daha yaxın hiss edirsiniz?
- Hesab edirəm ki, bəxti gətirən aktyoram. Cünki həmişə tamaşaçılardan sevgi, hörmət görmüşəm.
- Bəs necə ata və necə ailə başçısısınız?
- Sərt ata olmamışam. Bir oğul övladım var, Rövşən, onun yeddinci sinifə gedən oğlu var. Nəvəmə çox bağlıyam. Mənim kimi yumor hissi güclüdür.
- Nəvənizin yolunuzu davam etdirməsini istərdinizmi?
- İstedadı var və özü də aktyor olmaq istəyir.
- Aktyorun xanımı olmaq da çətindir, xanımınza bu sarıdan çoxmu əziyyət vermisiniz?
- Bircə fakt deyim. Artıq oğlumuzun 43 yaşı var. Tanışlığımız 50 ili haqlayır. Bu 50 ildə bir-birimizə dözmüşüksə, ayrı şey danışmağa dəyməz.
- Daha çox kim kimə dözüb?
- Hərdən zarafatla ona deyirəm ki, insan da əlli il bir-birinə dözər? Uğunub gedir gülməkdən. Yəqin ki, o, mənə daha çox dözüb. Hər halda səhnə adamıyam, o qədər aktrisalarla tərəf müqabili olmuşam ki... Qısqanclıqlar da ola bilərdi.
- Yəni, olmayıb ki?
- Yox, yox...
- İnanmıram...
- Hə, bir dəfə belə bir şey olmuşdu. Mənim bir az qələmim də var, arada yazıram. Bir romanımın ssenarisi əsasında "Tahirənin intiqamı" filmi də çəkilib. Mən özüm də orada oynamışam. Nə isə, sözüm onda yox. Mən yazanda məsləhətlər almağı da xoşlayıram. Bir dəfə gözəl və çox tanınmış bir aktrisa barədə yazı yazırdım. Gah yazıram, gah pozuram, hərdən də bu aktrisa ilə bağlı xanımıma suallar verirəm. Bir gün dedi ki, xəbərin var, bir həftədir o xanım bizim evdədir, bizlə yatır-durur. Hiss elədim ki, bu aktrisa ilə bağlı çox suallar vermişəm və həyat yoldaşım qısqanıb.
- Bəs siz nə dediniz?
- Dedim o xanıma deyərəm çıxar gedər.
- Xanımınızda dəyər verdiyiniz xüsusiyyət hansıdır?
- Qayğkeşdir. Nəvəsindən və balasından çox mənə qayğı göstərir. Müdrik, dözümlü qadındır. Nazımı çox çəkir. Bəzən bir yerim ağrıyanda özüm özümdən bezirəm. Amma o, mənim qayğımı çəkməkdən bezmir.
- Daha keçib, ilk tanışlığınızı da bəlkə xatırlayasınız?
- Qonşuluqda yaşayırdı. Onda mən "Damğa" satirik teatrında tamaşalarda oynayırdım. Dəvətnamələr paylayırdım, ona da verirdim. Arada deyirdim ki, gəl bərabər gedək. Tamaşadan sonra birgə qayıdırdıq evə.
- Sevgi etirafina ehtiyac olmadı yəqin?
- O kinolarda olur e, mən səni sevirəm. Əslində, hisslər danışmır.
Sonra rəhmətlik anam yanıma gəlib-gedəndə dedi ki, yaşın ötür niyə evlənmirsən? O qonşu qızı göstərdi ki, nə qəşəng qızdı, elə onunla evlən.
Onda qızın 17 yaşı vardı. Biz nişanlananda kəbin kəsmədilər, çünki qızın yaşı düşmürdü. Dayısı dedi ki, qıza kəbin kəsilməlidir. İki il nişanlı qaldıq.
- Şərt kəsmədiniz ki, mən aktyoram, gələcəkdə qısqanclıqlar-filan olmasın?
- Yox o, məni elə aktyor olduğuma görə bəyəndi. Radioda diktordu Şəmsiyə Qarayeva. Rusdilli idi, Azərbaycan dilində düz-əməlli danışa bilmirdi. Mən onu hazırladım, dili öyrətdim və instituta daxil oldu. İndi məndən yaxşı danışır.
...Söhbətin sonunda xalq artistinin bir təvəqqesi də oldu: "Bəzi məqamlarda uzun danışdım, onları bir az qısaldarsan...". Sözünü yerə salmadım.
Cəvahir Səlimqızı
Milli.Az





