Bakı. 28 noyabr. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In hakimiyyətə gəldiyi 2011-ci ildən 340 nəfər edam etdirib.
"Report" "Milliyyet"ə istinadən xəbər verir ki, bu iddia ilə mərkəzi ofisi Cənubi Koreyada yerləşən Milli Təhlükəsizlik Strategiyası İnstitutu (INSS) çıxış edib.
Təşkilatın "Kim Çen Inın 5 illik iqtidarı" başlıqlı hesabatına əsasən edam olunanlardan 140-ı yüksək vəzifəli hökumət rəsmiləridir. "INSS" iddia edir ki, Kim Çen In iqtidarını gücləndirmək üçün ölüm hökmündən istifadə edir.
Qeyd olunur ki, Kim Çen Inın edam etdirdiyi şəxslərin bir qismi partiya və ordu nümayəndələridir. İddiaya əsasən edam edilənlər arasında onun qohumu, ölkənin milli müdafiə şurasının vitse-prezidenti Çanq Song da olub. O, parçalanmaq üçün ac itlərin qabağına atılıb.
Müdafiə naziri Hyon Yong Çol isə 2015-ci ildə paytaxt Pxenyanda izdiham önündə zenit raketi ilə edam olunub. Kim Çen In 2011-ci ilin 17 dekabrında atasının ürək tutmasından sonra hakimiyyətə gəlib.